00:00:00
Yazar
Güllər Gülhüseynova
15.04.2026 21:46 29 3 dəq oxuma
Siyasət

İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq - Bəqai

İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq - Bəqai

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib.

 

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai X sosial şəbəkə hesabında yazıb.

 

"Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur"-, paylaşımda bildirilib.

 

Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan müharibə şəraitində də İranla bağlı humanitar və qonşuluq mövqeyini qoruyub:

 

“Azərbaycan dövləti İran İslam Respublikası ilə yaxın qonşudur. İranda bizim 35-40 milyon civarında azərbaycanlı bacı-qardaşlarımız yaşayır. Onların həyatı və təhlükəsizliyi bizim üçün ciddi maraq doğurur. Müharibə başladığı günlərdə, yəni ayın 28-də İranın Ali dini rəhbəri Xameneinin və digər dövlət xadimlərinin, hərbçilərin ölüm xəbərləri yayıldıqdan sonra, Azərbaycan Prezidenti İranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verib və kitaba öz sözlərini yazıb. Biz İrana qarşı aparılan hücumları, İsrailin və Amerikanın bu addımlarını pislədik və məsələnin danışıqlar yolu ilə həll olunmasını istədik.
Lakin aradan bir-iki gün keçdikdən sonra İran tərəfindən Naxçıvana raket və PUA-larla zərbələr endirilir. Xoşbəxtlikdən, bu böyük bir hadisəyə çevrilmir. Dörd nəfər yaralanır. Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasını toplayaraq ölkənin qəti mövqeyini bildirir. Bundan sonra İran Prezidenti Pezeşkian Azərbaycan Prezidentinə zəng edərək üzrxahlıq edir və məsələnin araşdırılacağını bildirir. Şükürlər olsun ki, həmin hadisədən sonra Azərbaycan ərazisinə yeni bir zərbə endirilməyib. Təəssüf ki, Türkiyə istiqamətinə üç dəfə raket atılıb. Onlar göydəcə məhv edilib. İranda müəyyən qüvvələr var idi ki, Azərbaycan və Türkiyəni də bu müharibəyə qoşmağa cəhd edirdilər.
Buna baxmayaraq, sonrakı hadisələr göstərib ki, Azərbaycan xoş qonşuluq münasibətlərini qoruyaraq İrana humanitar yardımlar göndərib”.

 

Ekspert qeyd edib ki, Azərbaycan münaqişəyə qarışmadan neytral mövqe tutaraq məsələnin danışıqlar yolu ilə həllini dəstəkləyir:

 

“Biz orada çətin vəziyyətdə yaşayan iranlılara, o cümlədən azərbaycanlı soydaşlarımıza mütəmadi olaraq, bir neçə dəfə yardım çatdırdıq. İndi atəşkəs elan olunub və müharibənin bitmək şansı var. Bu proseslərlə bağlı Prezident Pezeşkian bir neçə dəfə Azərbaycan Prezidenti ilə danışaraq vəziyyəti müzakirə edib və göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Bunu da qeyd etmək lazımdır ki, Əraqçi də bizim Xarici İşlər naziri Ceyhun Bayramovla telefon danışığında Azərbaycana təşəkkürünü ifadə edib. Görünən odur ki, İranla Azərbaycan arasında münasibətlər normallaşır. Biz çətin vəziyyətdə olan qonşularımıza dəstək olduq. Təbii ki, hərbi yardımdan söhbət gedə bilməz. Biz bu işlərə qarışmırıq, neytral mövqedəyik və məsələnin danışıqlar yolu ilə həllini istəyirik. 
İran hakimiyyəti, Xamenei rejiminin davamçıları illərdir Azərbaycanda dini dövlət qurmağa çalışırlar. Lakin biz dünyəvi dövlətik və xalqımız da dini dövlət quruluşunu qətiyyən istəmir. Beyni zəhərlənmiş çox az sayda adam olsa da, onlar bir faiz belə təşkil etmir. Bundan sonra da İranla xoş qonşuluq münasibətlərini saxlayacağıq. Çünki orada bizim bacı-qardaşlarımız var və biz hamısının təhlükəsiz, sülh şəraitində yaşamasını istəyirik”.

 

Lalə Qurbanlı

#İran #Bəqai #gündəm #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər