İş və şəxsi həyat balansı - müasir insan üçün mümkünmü?
Müasir dövrdə insanların əsas çağırışlarından biri iş və şəxsi həyat arasında sağlam bir balans qurmaqdır. Sürətlə dəyişən həyat tərzi, artan məsuliyyətlər və karyera təzyiqləri şəxsi zamana yer qoymur. Bəs bu balansı qorumaq mümkündürmü?
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada psixoloq Nabat Mirzəyeva bildirib ki, bəzən iş və şəxsiyyət arasında balansı tapmaq çətinləşir:
"Hazırda insanların kariyerada yüksəliş mövqeləri var. Daha da çox yüksəlim, daha da çox istədiklərimi əldə edim, daha da yüksəkləri arzuladıqları üçün çox vaxt o qədər işə yönəlirlər ki, və işə yönəldikləri anda öz həyatlarını, özlərini, özlərinə ayıracaq zamanlarını unudurlar. Və daha çox işə yönəlmə, daha çox kariyera yönündə olmaq, bir anlıq unudurlar ki, heç özlərinə zaman ayırmayıblar və ömürdən də ömür gedib. Bizim sosial şəbəkəyə ayıracağımız zaman , şəxsi həyata ayıracağımız zamanın qarşısına keçir. Başqalarının həyatını izləyərək, biz öz həyatımızda balansı yaratmaqda çətinlik çəkirik. Yəni, doğru şəkildə istifadə etdiyimiz zaman daha doğru nəticə əldə edirik, amma doğru istifadə etmədiyimiz zaman belə olmur. Və yaxud hər ikisinin yükünü daşıyan insanlar var ki, məsələn, ailə yükünü daşıyırlar, iş yükünü daşıyırlar. Bu insanlar istər-istəməz işdən gəlir, qazanc əldə etmək məqsədi ilə yönümlü olduqları üçün, onlar özlərinə, ailəyə də zaman ayırdıqları vaxtda daha çox yük altında hiss edirlər. Necə yük? Yəni ki, “mən qazanmalıyam, mən ailəmə baxmalıyam, mənim hər iki tərəfli yüküm var” və özlərinə ayıracaq zamanları qalmır. İnsan özünə ayıracaq zaman adi bir yürüyüş ola bilər, adi bir yerdə oturub çay içmək ola bilər və yaxud özü ilə ayıracaq bir zaman ola bilər. Sözsüz ki, hər insana görə bu dəyişir".

Həmçinin psixoloq bildirib ki,insanlar stresin qarşısını almaq üçün mütləq dərəcədə dostlarına zaman ayırmalıdır:
"Zaman dediyimiz, nəyi sevirik? Aktivlik olaraq nələr etdiyimiz zamanda özümüzü nisbətən xoşbəxt hiss edirik. Bu, fiziki hərəkətlər ola bilər, məsələn, idman hərəkətləri ola bilər, bir az öncə dediyim kimi yürüyüşlər ola bilər, hər hansı bir kitab oxumaq ola bilər, sevdiyimiz insanlarla vaxt keçirtmək ola bilər, rəsim seviriksə, rəsim öyrənmək ola bilər, rəqs etmək, rəqs öyrənmək ola bilər. Yəni, nəyi sevirik? Biz özümüzə zaman ayırdığımız hansı məqamda özümüzü daha xoşbəxt hiss etməyə başlayırıq, buna nəzər getirməliyik, göz gəzdirməliyik, belə deyim. Və duyğularımızı ifadə etməyi öyrənməliyik. Duyğularımızı gözəl, səlis və rahat şəkildə ifadə etdiyimiz zaman daha gözəl olur. Və “yox” deməyi öyrənmək. Qarşımızdakı insanın xətrinə dəymədən, incitmədən “yox” deməyi öyrəndiyimiz zaman biz çox vaxt əslində stresin qarşısını almış oluruq. Fikir ifadə etmək, düşüncələrimizi rahat, səlis, gözəl şəkildə, qırmadan, incitmədən demək və bundan dolayı özümüzə zaman ayırmaq.İş həyatında da müdiriyyət tərəfindən dəstək olunmalıdır.Müdiriyyətin empatiya qabiliyyəti olmalıdır, anlamalıdır və çox gözəl işlərə, projelərə hazırlıq mərhələsi keçirilməlidir. Psixoloqlarla görüşlər olunmalıdır, qrup terapiyaları edilməlidir. işçi olaraq isə biz unutmamalıyıq ki, bizim çalışdığımız hər bir ortam bizim inkişafımız üçündür, bizim gələcəyimiz üçündür, bizim özümüzə yönəlməyimiz üçündür".
Aysun Vəliyeva
