İş yerində psixoloji sağlamlıq: stress və burnout riski
Son illərdə işçilər arasında stress və burnout halları artıb. Uzaqdan iş və yüksək iş yükü psixoloji sağlamlığa mənfi təsir göstərir.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, bu gün işçilər arasında ən çox müşahidə edilən psixoloji çətinliklər xroniki stress, emosional tükənmə, konsentrasiya problemləri, motivasiya azalması, yuxu pozuntuları və həyəcan simptomlarıdır:
"İş mühitində psixoloji sağlamlıq son illərdə daha çox gündəmə gəlir və bunun əsas səbəblərindən biri artırılmış iş tempi, daimi onlayn olmaq mədəniyyəti və uzaqdan işin yaratdığı sərhəd problemləridir. Əmək bazarı dəyişdikcə işçilərin psixoloji yükü də daha mürəkkəb xarakter alır. Bu gün işçilər arasında ən çox müşahidə edilən psixoloji çətinliklər xroniki stress, emosional tükənmə, konsentrasiya problemləri, motivasiya azalması, yuxu pozuntuları və həyəcan simptomlarıdır. Bəzi hallarda bunlara sosial təcrid, özünə inamın zəifləməsi və funksionallığın azalması da əlavə olunur. Burnoutu və iş stressinin təhlükəli həddə çatmasını əvvəlcədən tanımaq üçün bir neçə kritik əlamətə diqqət etmək vacibdir. Ən bariz göstəricilər arasında daimi yorğunluq, işə qarşı laqeydlik, emosional həssaslıq, performansın aşağı düşməsi, hissləri idarə edə bilməmək və şəxsi həyatla iş arasında sərhədlərin itməsi xüsusilə önə çıxır. Bu əlamətlərin uzunmüddətli davam etməsi insanın psixoloji tükənmə riskinin yüksək olduğunu göstərir. Şirkətlərin bu sahədə üzərinə düşən rol çox böyükdür. Psixoloji sağlamlığı qorumaq üçün təşkilatların öncədən düşünülmüş strategiyalar hazırlaması vacibdir. Bura iş yükünün balanslaşdırılması, iş saatlarının real və idarəolunan şəkildə tənzimlənməsi, menecerlərin empatik və dəstəkləyici liderliyə hazırlanması, mütəmadi psixoloji dəstək proqramlarının təşkil edilməsi və işçilərin istirahət, bərpa və özünə vaxt ayırmasını təşviq edən korporativ mədəniyyətin yaradılması daxildir. Təhlükəsiz və açıq psixoloji mühit formalaşdırmaq isə işçiyə özünü ifadə etmək və ehtiyac duyduğu dəstəyi vaxtında almaq imkanı verir. Uzaqdan iş modelinin üstünlükləri olsa da, psixikaya təsir edən müəyyən risklər mövcuddur. Daimi onlayn olmaq, mesajlara tez cavab vermək təzyiqi, fiziki sosiallaşmanın azalması, iş-həyat sərhədlərinin bulanması və ev mühitində fasiləsiz fokus saxlamaq çətinliyi psixoloji yüklənməni artırır. Bu şəraitdə insan həm fiziki, həm psixoloji baxımdan fasilə vermədən işləməyə meyillənir ki, bu da uzunmüddətli perspektivdə tükənməyə səbəb ola bilər. Bugünkü əmək mühitində həm işçilər, həm də işəgötürənlər psixoloji dayanıqlığın iş uğurunun ayrılmaz hissəsi olduğunu anlayır. Psixoloji sağlamlıq təkcə şəxsi rifah deyil, həm də daha səmərəli, davamlı və sağlam iş münasibətlərinin qurulması üçün vacib şərtdir".
Səmayə Səftərova
