00:00:00
Yazar
Admin User
07.12.2025 08:07 140 6 dəq oxuma
Mədəniyyət

İşğaldan azadlığa:

İşğaldan azadlığa:

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlament yaratması təsadüfi verilən qərar deyildi. Müharibələrin, siyasi gərginliklərin, bölgəyə yönələn müxtəlif maraqların hökm sürdüyü bir dövrdə yeni yaranan dövlətin həm öz sözünü deməyə, həm də özünü müdafiə etməyə ciddi ehtiyacı vardı. Parlament isə bu ehtiyacın ən demokratik cavabı idi. Burada fərqli siyasi baxışlar, müxtəlif xalqların və dinlərin təmsilçiləri bir araya gəlirdi. Məqsəd dəyişmirdi: ölkəni ayaqda saxlamaq və gələcək üçün sağlam təməllər yaratmaq. Qısa zaman ərzində təhsil, hərbi quruculuq və dövlət idarəçiliyinin bir çox əsas məsələləri məhz bu parlamentdə həllini tapdı. Bu gün bizə adi görünən, lakin həmin dövr üçün çox cəsarətli olan demokratik ənənələr elə orada formalaşıb.


Mövzu ilə bağlı tarix elmləri namizədi Boran Əziz “İnformator.az”a açıqlamasında bildirib ki, Xalq Cümhuriyyəti cəmi iki illik ömründə 360-a yaxın yeniliyə imza atıb:


“Bu addımların hər biri tariximiz üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə parlamentin qurulması və fəaliyyəti ayrıca qiymətləndirilməlidir. Parlamentin yaradılması çox çətin, qeyri-sabit bir şəraitdə baş verdi. 1918-ci il 27 may tarixində qanunverici orqan kimi Milli Şura formalaşdırılıb. Lakin müxtəlif səbəblərə görə Milli Şura 17 iyuna qədər çalışdı və daha sonra müvəqqəti olaraq öz işini dayandırıb. Hökumətə altı ay ərzində Müəssislər Məclisinin çağırılması və yeni qanunverici orqanın yaradılması üçün göstəriş verilib. Həmin zaman Cümhuriyyət hökumətinin ən əsas hədəfi Bakının işğaldan azad edilməsi idi. Buna görə də bütün diqqət və enerji Osmanlı ordusunun dəstəyi ilə qurulan Qafqaz İslam Ordusunun vasitəsilə Bakının azad olunmasına yönəldildi. 1918-ci il 30 oktyabrda imzalanan Mudros müqaviləsindən sonra isə Osmanlı qoşunları Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Bu vəziyyətdə hökumət rəhbərlərindən Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultanov və digərləri general Tomsonla danışıqlarda Cümhuriyyətin mövcudluğu və dövlət sənədləri barədə məlumat versələr də, Tomson hökuməti tanımaqdan imtina edib. Milliyyət və din fərqindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar veriləcəyi, qonşu dövlətlərlə dost münasibətlər qurulacağı açıqlansa da, Tomson buna rəğmən razılıq göstərmirdi. Nəticədə 1918-ci il 17 noyabrda Milli Şura yenidən fəaliyyətə başlayaraq parlamentin təşkili qərarını qəbul edib. Hər 10 min nəfərə bir deputat olmaqla 121 nəfərlik parlamentin yaradılması nəzərdə tutuldu və bununla yanaşı ölkədə yaşayan rus, erməni, gürcü, polyak və digər xalqların nümayəndələrinin parlamentdə təmsilçiliyi təmin edilib. 7 dekabr 1918-ci ildə Azərbaycan parlamenti fəaliyyətə başlayıb. Əslində parlament daha əvvəl açılmalı idi, lakin Tomsonla danışıqlar buna mane olub. O, parlament binasında Azərbaycan bayrağının qaldırılmasına açıq şəkildə etiraz edirdi. Uzun müzakirələrdən sonra kompromis əldə edilib: iclaslar zamanı binanın üzərində bayraq dalğalana bilərdi. Məhz bu razılaşmadan sonra 7 dekabrda parlament açılıb ki, bu da tariximiz üçün əvəzsiz hadisə idi. Bayraq ucaldılarkən Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri salonda gurultulu alqışlarla qarşılanıb və çoxları emosiyalarını gizlədə bilməyib. Bunun böyük səbəbi vardı: çünki bir neçə ay əvvələ qədər Bakıda azərbaycanlıların sağ qala biləcəyinə belə ümid qalmamışdı. İndi isə dövlətin qanunverici orqanı fəaliyyətə başlayırdı və bu, həqiqətən də inanılmaz dərəcədə böyük xoşbəxtlik idi”.


Boran Əzizin fikirlərinə görə təəssüf ki, parlamentin fəaliyyəti uzun sürmədi:


“1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 11-ci Qırmızı Ordu Azərbaycanı işğal etdi. Məmməd Əmin Rəsulzadə və digər qurucu liderlərin tələbi ilə hakimiyyət altı şərtlə bolşeviklərə təhvil verilib. Lakin kommunistlər bu şərtlərin heç birinə əməl etməyiblər. Bakıya daxil olmayacaqlarını desələr də, əksini etdilər. Parlament və hökumət işğal olunduqdan sonra deputatların təqib olunmayacağı bildirilmişdi, amma qısa müddət sonra onlar həm təqib edildi, həm də bir qismi məhkəməsiz güllələnib. Digərləri 1930-cu illərdə repressiyalara məruz qalıb. Yalnız çox az bir hissəsi ölkədən çıxaraq mühacirətdə Azərbaycanın azadlığı üçün mübarizəsini davam etdirib. Onların arasında Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və başqalarının adını çəkmək olar. Onların çəkdiyi əziyyət və verdiyi qurbanlar hədər getməyib. Bu gün Azərbaycan parlamenti 107-ci yaşını qeyd edir və müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması naminə zəruri qərarlar verir. Bu da Cümhuriyyət qurucularının seçdiyi yolun nə qədər düzgün olduğunu bir daha təsdiqləyir”.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı da "İnformator.az"a müsahibəsində bildirib ki:


“Bildiyimiz kimi, 7 dekabr uzun illərdir Azərbaycanda parlamentarizmin yaranması günü kimi qeyd olunur. Təbii ki, parlamenti olan dövlətlərdə demokratik dəyərlər və idarəçilik üslubu formalaşır, demokratik dövlət quruculuğu mövcud olur. Parlament olmayan ölkələrdə isə daha çox monarxiya və digər avtoritar idarəçilik modelləri üstünlük təşkil edir. Azərbaycan isə ilk yarandığı gündən – 1918-ci il 28 may tarixində özünü demokratik və hüquqi dəyərləri əks etdirən bir dövlət kimi elan edib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı yenidən dövlətçiliyini və müstəqilliyini bərpa edib. Ardınca 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyada da müstəqil Azərbaycan dövlətinin 1918-ci il Cümhuriyyətinin varisi olduğu bir daha öz əksini tapdı.1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşduqda elan edib ki, bu dövlət 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yəni 18 oktyabr 1991-ci ildə bərpa olunan müstəqil Azərbaycan dövləti də demokratik dəyərlər və prinsiplər əsasında qurulmuş bir dövlətdir. Bu yanaşma 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan müstəqil dövlətin ilk Konstitusiyasında da öz əksini tapıb. Ona görə də bir daha vurğulamaq lazımdır ki, hansı ölkədə dövlətçilik və parlamentarizm ənənəsi mövcuddursa, həmin ölkə demokratiya prinsipləri üzərində qurulan sayılır. Ötən dövrdə də gördük ki, elə ilk günlərdən yeni Konstitusiyada söz azadlığı, plüralizm, hüququn aliliyi, insan haqları və ümumilikdə demokratik dəyərlər öz əksini tapıb. Dövlətin apardığı siyasətdə də bu bəşəri, demokratik və dünyəvi dəyərlər əsas prinsiplər kimi qəbul olunub və zaman keçdikcə daha da möhkəmlənib”.


Məlahət İbrahimqızının sözlərinə görə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz daha da gücləndi:


“Ərazi bütövlüyümüzün bərpası, işğal altında olan torpaqların azad edilməsi, eləcə də 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə suverenliyimizin tam bərpa olunması Azərbaycanın müasir, müstəqil və demokratik dövlətçilik tarixində yeni mərhələ açdı. Təbii ki, demokratiyanın inkişafının sərhədi yoxdur. Dövlət inkişaf etdikcə, ictimai münasibətlər də dəyişir və demokratik prinsiplər daim təkmilləşir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dünyanın ən demokratik dövlətlərindən biridir və bir çox hallarda demokratiya dərsi vermək iddiasında olan ölkələrə nümunə göstərilə bilər. Bu gün Avropada baş verən ayrı-seçkilik halları, qaçqınlara qarşı ikili standartların tətbiqi, eləcə də bəzi ölkələrin insan haqları sahəsində nümayiş etdirdiyi qeyri-obyektiv yanaşmalar göstərir ki, demokratiya haqqında iddia edənlərin özləri ciddi problemlərlə üzləşirlər. Bunun fonunda Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqlar – söz, fikir və ifadə azadlığı real həyatda tətbiq olunur və sosial media mühitində də hər kəs fikrini sərbəst şəkildə ifadə edə bilir. Çox təəssüf ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşsa da, ölkəmizdə 1991-93-cü illər bütün sahələrdə xalqımızı uçuruma aparan ağır bir durum höküm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən məcburi cəlb olunduğumuz münaqişə nəticəsində torpaqlarımızın işğalı, digər tərəfdən ölkə daxilində vətəndaş
müharibəsi və bütün sahələrdə çox ağır bir uçurum… Yəni Azərbaycan bir növ olum və ölüm halında idi. Ona görə o dövrdə demokratiya, hüququn aliliyi kimi bəşəri dəyərlərdən danışmaq mümkün deyildi. Əgər dövlətin Ana qanunu olan Milli Konstitutsiya yox idisə demokratiyadan, söz azadlığından, plüralizmdən danışmaq mümkün deyildi.
Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra ilk Konstitutsiyanın qəbul haqda müzakirələr başladı. Yəni Heydər Əliyevin bilavasitə sədrliyi ilə ilk Milli Konstitutsiyanın qəbul olunması ilə bağlı xüsusi komisiya yaradıldı. Hətta bu komisiyaya Ulu Öndər özü sədirlik edirdi. Bu mənada Ümummilli Liderimiz müasir dövlətinin qurucusu kimi ilk Milli Konstitutsiyamızın da müəllifi və memarı adlandırmaq olar.
Qeyd edək ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsində ilk Konstitutsiyamız qəbul olunduqdan sonra demokratik təsisatlar instutsional formada dövlət siyasətinin bütün istiqamətləri üzrə inkişaf etdirilib”.


Asiman Vəliyeva
Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər