00:00:00
Yazar
Admin User
03.02.2026 16:31 61 2 dəq oxuma
Sosial

İşıqfor sönür, qayda da sönür? Yollarda nə baş verir?

İşıqfor sönür, qayda da sönür? Yollarda nə baş verir?

Son günlər bəzi yol kəsişmələrində işıqforların işləməməsi sürücülər və piyadalar üçün ciddi çətinliklər yaradır. Bu vəziyyət yol hərəkəti qaydalarının daha tez-tez pozulmasına, çaşqınlığa və riskli anlara səbəb olur. Bəs problem yalnız texniki nasazlıqdır, yoxsa yol mədəniyyəti məsələsidir?

 

Mövzu ilə bağlı “İnformator.az” vətəndaşların fikirlərini  öyrənib.

 

Piyada Cavahir Əsgərbəyli narahatlığını bildirib:

 

“İşıqforlar sönəndə çox qorxuram. Yolun ortasında hansı tərəfdən keçəcəyimi bilmirəm və bəzən sürücülər dayanmayanda risk yaranır. Məncə, həm texniki nasazlıq, həm də bəzi insanların yol mədəniyyətinin zəif olması problemin əsas səbəbidir. Piyadalar və sürücülər diqqətli olmalı, bir-birini gözləməlidir”.

 

Sürücü Jalə Məmmədova da çətinliklərdən bəhs edib:

 

“İşıqforlar işləməyəndə vəziyyət həqiqətən çətin olur. Bəzən piyadalar gözləmədən yolun ortasına çıxırlar, bu isə qəza riskini artırır. Mən özüm həmişə sürəti azaldıb diqqətli olmağa çalışıram. Düşünürəm ki, həm texniki baxımdan işıqforlar yoxlanmalı, həm də insanlar yol qaydalarına əməl etməlidir”.

 

"İnformator.az”a açıqlamasında AzMİU-nun “Nəqliyyat” fakültəsinin baş müəllimi, t.ü.f.d. Bulud Bağırov bildirib ki, bu məsələ həm texniki, həm də sosial yönü olan bir problemdir:

 

“İşıqforların işləməməsi yalnız bir neçə saniyəlik narahatlıq deyil, çünki bu, yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir edən ciddi vəziyyətdir. Əsas risklərdən bunları qeyd etmək olar: işıqforlar söndükdə üstünlük qaydalarının pozulması riski artır, çünki sürücülər bəzən kimin keçid üstünlüyü olduğunu düzgün qiymətləndirmir. Qəza ehtimalı yüksəlir, xüsusən də böyük və çoxzolaqlı kəsişmələrdə. Piyada təhlükəsizliyi azalır, çünki piyadalar üçün nəzərdə tutulan siqnallar da sönür və keçidlərdə çaşqınlıq yaranır. Tıxac və ləngimələr qaçılmaz olur, çünki hər kəs fərqli reaksiya verir. Belə hallarda Azərbaycan Respublikasının yol hərəkəti qaydalarına görə, işıqfor işləmədikdə sürücülər nəqliyyat nişanlarına və polis əməkdaşının işarələrinə əsaslanmalıdır. Əgər bu da yoxdursa, kəsişmə tənzimlənməyən yolayrıcı hesab olunur, yəni “sağdakı sürücü üstünlük təşkil edir” prinsipi tətbiq edilir. Sürücü sürətini azaltmalı, ehtiyatlı olmalı, digər iştirakçılarla göz təması və siqnal vasitəsilə razılaşma yaratmalıdır.

Yol mədəniyyətinin rolu isə əsas amildir. Texniki nasazlıq bəzən qaçılmaz ola bilər, amma təhlükəsizliyin qorunması sürücülərin davranışından asılıdır. Əgər sürücülər qarşılıqlı hörmət prinsiplərinə riayət edirsə, tənzimləyici olmasa belə hərəkət intizamı qorunur. Əksinə, tələskənlik, aqressiya və “mən keçməliyəm” düşüncəsi qəzaya aparan əsas amildir. Yəni işıqfor sönəndə qayda da sönmür sadəcə, mədəniyyət və məsuliyyət işıqları yanmalıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər