00:00:00
Yazar
Admin User
18.11.2025 19:16 181 4 dəq oxuma
Sosial

İşləyən tələbələrin gündəlik çətinlikləri

İşləyən tələbələrin gündəlik çətinlikləri

Müasir dövrdə bir çox tələbə həm təhsilini davam etdirir, həm də maddi ehtiyaclarını qarşılamaq və ya təcrübə qazanmaq üçün işləməyə məcbur olur. Bu isə onların gündəlik həyatında əlavə məsuliyyətlər, vaxt çatışmazlığı və psixoloji gərginlik yaradır. Dərslər, imtahanlar, iş qrafiki, nəqliyyat, yorğunluq və sosial həyat arasında balans qurmaq bəzən çətinləşir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstutunun direktoru Elnur Rüstəmov bildirib ki, müasir dövrdə tələbələrin böyük bir qismi həm təhsilini davam etdirir, həm də maddi ehtiyaclarını qarşılamaq və ya əmək bazarında təcrübə qazanmaq üçün işləməyə məcbur qalır:

 

Bu vəziyyət onların gündəlik həyatına həm müsbət təsir göstərir, həm də əlavə çətinliklər yaradır. Əlbəttə ki, iş və dərs prosesinin paralel aparılması tələbənin vaxt idarəetməsi, psixoloji dayanıqlığı və motivasiyası üzərində ciddi təsir göstərir. Psixoloqun sözlərinə görə, bəzən işləyən tələbələrdə motivasiya itkisi müşahidə olunur ki, bu da onların üzləşdiyi yüklənmə ilə bağlıdır. "İş və təhsilin eyni anda olması enerji və diqqətin bölünməsinə səbəb olur ki, bu da yorğunluq, yuxu rejiminin pozulması və emosional tükənmə yarada bilər. Lakin burada vacib məqam odur ki, motivasiyanın azalması çalışmaqla deyil, yüklənmənin idarəolunmazlığı ilə əlaqəlidir. Əslində bir çox tələbə üçün işləmək əksinə motivasiya mənbəyi olur. Maddi müstəqillik, real həyatda təcrübə qazanmaq və özünü faydalı hiss etmək onların təhsilə yanaşmasını daha məsuliyyətli edir. Motivasiya itkisi daha çox zaman düzgün planlaşdırılmadıqda və ya tələbənin sosial-emosional resursları tükəndikdə baş verir".

 

İşləmək əlbəttə ki, tələbəyə məsuliyyət qazandırır.  İş təcrübəsi həmçinin tələbələr üçün çox qiymətli sosial bacarıqlar yaradır. Zaman idarəetməsi, qərarvermə, komanda işi, ünsiyyət bacarıqları və məsuliyyət hissi məhz iş mühitində daha sürətli inkişaf edir. Bu baxımdan işləmək tələbələrin gələcək karyerası üçün əhəmiyyətli hazırlıq mərhələsidir. Lakin iş saatları həddindən çox olduqda və ya tələbənin dərs yükü ağırlaşdıqda balans pozulur. Bu halda tələbə xroniki yorğunluq, diqqət dağınıqlığı, akademik performansın zəifləməsi və emosional tükənmə kimi risklərlə qarşılaşır. Yəni işləmək tələbəyə həm məsuliyyət qazandırır, həm də düzgün idarə olunmadıqda artıq yüklənmə yarada bilir. Burada əsas məsələ balansın düzgün qurulmasıdır.

 

Mütəxəssislərin fikrincə, işləyən tələbələrin psixoloji rifahını qoruması üçün bir sıra elmi əsaslı metodlar mövcuddur. Burada prioritetləşdirmə və planlaşdırma mühüm rol oynayır. Dərs, iş və şəxsi vaxt üçün balanslı gün planı tərtib olunmalıdır. Elnur Rüstəmovun fikrincə, belə zamanlarda fokus metodlarından istifadə faydalı olardı. “Pomodoro” və ya 90-20 kimi fokus texnikaları diqqəti qorumağa və beyni tükəndirməməyə imkan verir. "Yuxu gigiyenasına diqqət edilməlidir. Gənclərin əksəriyyətində motivasiya itkisi yuxu çatışmazlığından qaynaqlanır. Gündə 7 saat yuxu zehni fəaliyyət üçün kritik əhəmiyyət daşıyır. Mini istirahətlər təşkil olunmalıdır. Qısa nəfəs məşqləri, qısa gəzinti və ekrandan fasilə beynin gərginlikdən çıxmasına kömək edir. Şübhəsiz ki, sosial dəstək olmalıdır. Ailə, müəllim və dostların anlayışı tələbənin psixoloji yükünü azaldır. Onu da qeyd edim ki, işləyən tələbələr həm akademik, həm də həyat təcrübəsi baxımından daha sürətli inkişaf edən gənclərdir. Lakin bu proses düzgün idarə olunmadıqda psixoloji gərginlik və tükənməyə səbəb ola bilər. Ona görə də balansın qorunması, sağlam həyat tərzi, adekvat istirahət və düzgün planlaşdırma işləyən tələbələrin uğurunun əsas şərtidir. Bu nəqamlara diqqət edilsə təkəbə harmonik həyat yaşayacaq".

 

Tələbə Xədicə Abbasova "İnformator.az"a həm oxumağın, həm də işləməyin həyatına təsirini  izah edərkən deyib ki, dərs, iş, könüllülük proqramları təbii olaraq çətinlik yaradır:

 

"Çünki hər hansı bir işin yerinə yetməsi üçün onda çətinlik olmalıdır. Düşünürəm ki, çətinlik olmasa, o iş qrafiki yolunda getməz. Ən çox vaxt baxımından əziyyət çəkirəm. Mən həm işləyirəm, həm oxuyuram və şəxsi inkuşafımada vaxt ayırmaq istəyirəm. Lakin işlə dərsi bir tutduğum zaman şəxsi inkşafıma vaxt az qalır. Özümə məxsus metodlarımda mən nə iş görürəmsə, onun hamısını qeyd edirəm. Mənim şəxsi inkşaf dəftərim var və mən bu şəxsi inkşaf dəftərimə günlük, aylıq, həftəlik planlarımı qeyd edirəm. Məsələn: mən bu ay hansı işləri yerinə yetirəcəm? Mən təkcə iş və dərs etmirəm, həmçinin mənim könüllülük proqramlarımda var. Mən onlarlada məşğul oluram. Mən bunların hər birini ağlımda saxlaya bilmirəm və mən bunları qeyd edərkən sabah hansı işləri görəcəm və ya həftəlik hansı planlarım olacaq. Mən baxıram ki, həftənin hansısa günü mənim nə dərsim, nə işim var. O zaman gündəlik dərslərimi qeyd edirəm. Mən bunu bütün tələbələrə əsas da həm oxuyub, həm işləyən tələbələrə tövsiyə edirəm. İşləməsə belə, könüllülükdə fəaliyyət göstərən tələbələrə də tövsiyyə edirəm".

 

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər