00:00:00
Yazar
Admin User
16.01.2026 10:52 84 2 dəq oxuma
Siyasət

İsrail ABŞ xətti üzrə hərəkət edir

İsrail ABŞ xətti üzrə hərəkət edir

İsrail hakimiyyəti bir sıra beynəlxalq qurumlarla əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilib ki, İsrail tərəfi BMT Sivilizasiyalar Alyansı, BMT Energetika Təşkilatı və Miqrasiya və İnkişaf üzrə Qlobal Forum ilə münasibətləri kəsmək qərarına gəlib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, İsrail hazırkı mərhələdə xarici siyasətində demək olar ki, Amerika Birləşmiş Ştatları ilə paralel hərəkət edir:

 

“Donald Tramp ilə Benyamin Netanyahu arasında yaxın münasibət mövcuddur və Yaxın Şərq siyasətinə baxışları böyük ölçüdə üst-üstə düşür. Yaxın Şərqdə dominantlıq məsələsində İsrail ABŞ-ni müdafiə edir, ABŞ isə İsraili dəstəkləyir. İsrailin bir sıra beynəlxalq təşkilatlardan çıxması da ABŞ-nin oxşar addımlarından sonra baş verir. Məlumdur ki, ABŞ bir neçə beynəlxalq təşkilatda üzvlüyünü dayandırır və bundan sonra İsrailin də eyni addımları atacağı gözlənilən idi. Burada İsrail özü bu təşkilatlardan çıxır, kənarlaşdırılma halı yoxdur. Məqsəd siyasi təcridin dərinləşməsi deyil. Əksinə, İsrail Yaxın Şərqdə, Qəzza və Fələstin bölgələrində, perspektivdə isə İran istiqamətində öz maraqlarına uyğun, daha sərbəst manevr imkanları əldə etmək istəyir. Bu addımlar beynəlxalq təşkilatların İsrail üzərinə öhdəlik qoymasının və ya beynəlxalq hüquqi mexanizmlərin fəaliyyət göstərməsinin qarşısını almağa yönəlir”.

 

Müsahib qeyd edib ki, beynəlxalq hüquq mexanizmləri faktiki olaraq işləmir:

 

“Donald Trampın hakimiyyəti dövründə bu yanaşma açıq şəkildə ifadə olunur və beynəlxalq hüququn effektivliyinin qalmadığı bəyan edilir. Bu şəraitdə Yaxın Şərqdə diplomatik proseslərin hansısa istiqamətdə irəliləməsi indiki mərhələdə son dərəcə çətindir. İstər İranla bağlı məsələlər, istərsə də Qəzza və Livanla bağlı proseslər - regionda müharibə ocaqları getdikcə genişlənir. Bu baxımdan, Yaxın Şərqdə İsrail-ABŞ tandeminin nüfuzunun gücləndirilməsi məqsədilə hər iki tərəf koordinasiyalı addımlar atır. Bu tandem regiondakı prosesləri həm yönləndirir, həm də qarşılıqlı şəkildə bir-birinə nəzarət edir. Ümumilikdə, idarəolunan xaos çərçivəsində Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyə çalışırlar. Gələcəkdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək, lakin hazırda atılan addımlar ABŞ ilə paralel şəkildə düşünülmüş və həyata keçirilən addımlardır”.

 

Qəmər Kazımzadə

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər