00:00:00
Yazar
Səadət Əlizadə
28.10.2026 21:47 50 3 dəq oxuma
Texnologiya

İsrail şirkətinin Starlink istifadəçilərini izləməyə çalışdığı iddia olunur

İsrail şirkətinin Starlink istifadəçilərini izləməyə çalışdığı iddia olunur

ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən mənbələrin məlumatına görə, İsrailin “Discover-Tech” reklam texnologiyaları şirkəti “Starlink” peyk interneti xidmətinin istifadəçilərini izləmək məqsədilə rəqəmsal reklam sistemindən istifadə edilib.

 

Yaponiyanın “Trend Micro” kibertəhlükəsizlik şirkətinin bölməsi olan “TrendAI”nin mütəxəssisləri rəqəmsal reklam məlumatlarını təhlil edərək “Discover-Tech”in “Starlink” istifadəçilərinə göstərilən reklamların alınması üzrə dünyanın ən fəal iştirakçılarından biri olduğunu müəyyənləşdiriblər.

 

 

Altı mənbənin bildirdiyinə görə, şirkət 100-dən çox ölkədə “Starlink” trafiki üzrə reklam hərraclarında birinci yeri tutub. Bu ölkələr arasında “Starlink”in qadağan edildiyi və ya fəaliyyətinin məhdudlaşdırıldığı dövlətlər də var.

 

Tədqiqatçıların fikrincə, reklamlar istifadəçilərin coğrafi mövqeyini müəyyənləşdirmək və onların fəaliyyətini izləmək üçün vasitə kimi istifadə oluna bilər.

 

“TrendAI” oktyabrın 15-də yayımladığı hesabatda şübhəli fəaliyyətdə iştirak edən qurumu “Shadow-Earth-79” kod adı ilə təqdim edib. Mənbələr bu adın “Discover-Tech” şirkətinə aid olduğunu bildiriblər. Şirkətin adının hesabatda açıqlanmamasının səbəbi ilə bağlı suallara cavab verən “TrendAI” isə yanlış ittihamların və əsassız nəticələrin qarşısını almağa çalışdığını qeyd edib.

 

Peyk interneti istifadəçilərinin izlənilməsi dünya üzrə hökumətlərin diqqətini cəlb edən məsələlərdən birinə çevrilib. “Starlink” məlumatları ənənəvi milli telekommunikasiya şəbəkələri əvəzinə “SpaceX”in idarə etdiyi peyklər vasitəsilə ötürdüyündən, bəzi hallarda yerli internet məhdudiyyətlərini aşmağa imkan verir.

 

Xidmət Ukraynada xüsusilə mühüm əhəmiyyət daşıyır. Ölkənin hərbi qüvvələri cəbhə xəttində rabitə və pilotsuz uçuş aparatlarının hücumlarının koordinasiyası üçün “Starlink”dən istifadə edir.

 

May ayında İsrailin “Haaretz” qəzeti və “Intelligence Online” saytı İsrailə məxsus şirkətlərin “Starlink” istifadəçilərini müəyyənləşdirmək və izləmək üsullarını müştərilərə təklif etdiyini yazıb. Nəşrlərin məlumatına görə, bu prosesdə rəqəmsal reklam məlumatlarından istifadə mühüm rol oynaya bilər.

 

“TrendAI” hesabatını dərc etdiyi gün Kanadanın “Citizen Lab” kibertəhlükəsizlik araşdırma qrupu və Nyu-Yorkda yerləşən reklam texnologiyaları şirkəti “Confiant” “Discover-Tech”in adını açıqlayıb.

 

Hər iki qurum şirkəti reklam hərracları mexanizmindən sui-istifadə etməkdə ittiham edib. Bu mexanizm reklam verənlərə internet istifadəçiləri haqqında müəyyən məlumatların ötürülməsinə səbəb ola bilər.

 

Belə məlumatların uzun müddət ərzində toplanması və digər məlumatlarla birləşdirilməsi istifadəçilərin kimliyinin müəyyənləşdirilməsinə, internetdə fəaliyyətlərinin izlənilməsinə və bəzi hallarda onların izləmə proqramları vasitəsilə hədəfə alınmasına şərait yarada bilər.

 

“Citizen Lab” və “Confiant”ın məlumatına görə, şübhəli reklamlar media qurumlarına, dövlət orqanlarına və texnologiya şirkətlərinə məxsus onlarla həssas şəbəkədə nümayiş etdirilib.

 

Araşdırmalardan sonra “Google”, “Comcast” və digər şirkətlər “Discover-Tech”i reklam platformalarından çıxardıqlarını bildiriblər.

 

Mənbələrin sözlərinə görə, ABŞ-nin iri texnologiya şirkətlərindən ən azı biri və beynəlxalq təşkilatlardan biri də reklamların əməkdaşlarını hədəfə alıb-almadığını müəyyənləşdirmək üçün daxili araşdırmalara başlayıb.

 

“TrendAI”nin hesabatında “Shadow-Earth-79”un fəaliyyətinin adi kommersiya reklamlarından daha çox istifadəçiləri hədəfə almaq və izləmək məqsədi daşıdığı ehtimalı irəli sürülüb.

 

Hesabata əsasən, sözügedən qurum Suriya, Liviya, Yəmən və Cənubi Sudanda reklamların ən böyük alıcısı olub. Əfqanıstanda isə ikinci yeri tutub.

 

Tədqiqatçılar qeyd ediblər ki, sanksiyaların tətbiq olunduğu və ya aktiv münaqişələrin yaşandığı ölkələrdə qanuni Qərb reklamlarına tələbatın son dərəcə aşağı olması bu fəaliyyəti şübhəli edir.

 

Bundan başqa, qurumun Macarıstan, İsrail, Misir, Azərbaycan və Venesuelada reklam hərraclarında qeyri-adi dərəcədə yüksək paya sahib olduğu bildirilib.

 

Mənbələrin sözlərinə görə, “TrendAI”nin tədqiqatçıları şübhəli fəaliyyətin arxasında “Discover-Tech”in dayandığı qənaətinə gəlib və şirkətin adını hesabatda açıqlamağı müzakirə ediblər. Lakin rəhbərliyin hüquqi risklərlə bağlı narahatlığından sonra bu addımdan imtina edilib.

 

Kibertəhlükəsizlik sənayesinin ekspertləri qeyd edirlər ki, izləmə əməliyyatlarını həyata keçirən qurumların adlarının açıqlanmasından çəkinmək sektorda rast gəlinən hallardandır.

 

“Reuters”in daha əvvəl yaydığı məlumata görə, ABŞ-nin “Palo Alto” kibertəhlükəsizlik şirkəti də qlobal kiber-casusluq kampaniyası ilə bağlı hesabatında Çinə açıq istinadları çıxarıb. Agentliyin məlumatında bu qərarın şirkətin Çindəki fəaliyyəti ilə bağlı mümkün risklərdən ehtiyatlanması ilə əlaqəli olduğu bildirilib.


“Palo Alto” isə hesabatda konkret tərəfin adının çəkilməməsinin Çindəki satınalma qaydaları ilə əlaqələndirilməsinin əsassız olduğunu bəyan edib.

 

Səadət Əlizadə

#şirkətinin #baki #çalışdığı #i̇srail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər