00:00:00
Yazar
Elmira Ağayeva
22.10.2026 22:07 26 6 dəq oxuma
Siyasət

İsraildə həlledici seçki: Netanyahu hakimiyyətdə qalacaq, yoxsa müxalifət qalib gələcək?

İsraildə həlledici seçki: Netanyahu hakimiyyətdə qalacaq, yoxsa müxalifət qalib gələcək?

 

İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarından, eləcə də Qəzza zolağında, Livanda və İranla baş verən münaqişələrdən sonra keçiriləcək ilk seçkilərin ölkənin daxili və xarici siyasətinə ciddi təsir göstərəcəyi gözlənilir.

Seçkilər İsrailin siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Əsas mübarizə hazırkı baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim düşərgə ilə keçmiş İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət qüvvələri arasında gedir. Son sorğular seçkilərin nəticəsinin əvvəlcədən müəyyənləşmədiyini və heç bir siyasi blokun parlamentdə çoxluğu təmin edəcəyinə zəmanət olmadığını göstərir.

Əsas namizədlər kimlərdir?

İsrailin hazırkı baş naziri Benyamin Netanyahu ilə keçmiş hərbi rəhbər Qadi Ayzenkot seçki mübarizəsinin əsas fiqurlarıdır.

Ayzenkotun siyasi mövqelərinin güclənməsi onun hərbi təcrübəsi və ölkənin təhlükəsizlik siyasəti ilə bağlı mövqeyi ilə əlaqələndirilir. O, ötən il yaratdığı “Yashar” partiyasına rəhbərlik edir. Qəzza müharibəsi zamanı oğlunu itirən Ayzenkot müharibənin ilk aylarında Netanyahunun rəhbərlik etdiyi müharibə kabinetində təmsil olunub. Lakin münaqişənin idarə olunması ilə bağlı fikir ayrılıqlarından sonra 2024-cü ildə kabinetdən ayrılıb.

Ayzenkot seçki kampaniyasında 2023-cü il oktyabrın 7-də baş verən hücumlara yol açan təhlükəsizlik boşluqlarının araşdırılmasını və məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsini tələb edir. Onun rəhbərlik etdiyi siyasi qüvvə təhlükəsizlik sisteminin gücləndirilməsini, hərbi xidmətlə bağlı qaydaların yenidən nəzərdən keçirilməsini və ölkədəki siyasi parçalanmanın aradan qaldırılmasını əsas prioritetlər sırasında göstərir.

Müxalifət düşərgəsində keçmiş baş nazir Naftali Bennet, Aviqdor Liberman və solçu siyasətçi Yair Qolan da mühüm mövqeyə malikdirlər. Bu siyasətçilər təhlükəsizlik, məskunlaşma siyasəti və fələstinlilərlə münasibətlər məsələlərində fərqli mövqelər sərgiləyirlər.

Bennet və Liberman təhlükəsizlik məsələlərində sərt yanaşmaları ilə seçilirlər. Qolan isə İordan çayının qərb sahilində İsrailin mövcudluğunun azaldılmasını və fələstinlilərlə münasibətlərdə fərqli siyasət yürüdülməsini müdafiə edir.

Mövqelərindəki fərqlərə baxmayaraq, müxalifət qüvvələrinin seçkilərdən sonra bir araya gələrək hökumət formalaşdırması mümkündür. Bununla belə, siyasi partiyalar arasındakı fikir ayrılıqları belə bir koalisiyanın yaradılmasını çətinləşdirə bilər.

Netanyahunun rəhbərlik etdiyi hazırkı hökumət isə sağçı və dini partiyaların dəstəyinə əsaslanır. Baş nazirin hakimiyyətdə qalması üçün mövcud koalisiya tərəfdaşlarının dəstəyini qoruması vacibdir. Həmin qüvvələrin bir qismi İordan çayının qərb sahilinin ilhaqını və fələstinlilərin Qəzza zolağından köçürülməsini müdafiə edir.

Seçkilərdə ərəb partiyalarını təmsil edən siyasi bloklar da iştirak edir. İsrail əhalisinin təxminən beşdə birini ərəb vətəndaşları təşkil edir. Bu partiyalar parlamentdəki yerlərin bölüşdürülməsində və hökumətin formalaşdırılması prosesində həlledici rol oynaya bilərlər. Lakin əsas yəhudi partiyalarının əksəriyyəti ərəb partiyaları ilə koalisiya qurmağa hazır olmadığını bildirir.

İsraildə seçkilər necə keçirilir?

İsrailin parlamenti Knesset adlanır və 120 deputatdan ibarətdir. Hökumətin formalaşdırılması üçün parlamentdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

Ölkədə proporsional seçki sistemi tətbiq edilir. Seçicilər ayrı-ayrı namizədlərə deyil, siyasi partiyaların təqdim etdiyi siyahılara səs verirlər. Parlamentdəki yerlər partiyaların topladığı səslərin nisbətinə uyğun bölüşdürülür. Knessetdə təmsil olunmaq üçün partiyalar səslərin ən azı 3,25 faizini toplamalıdırlar.

Bu sistem səbəbindən İsraildə hökumətlər, bir qayda olaraq, bir neçə siyasi partiyanın birləşdiyi koalisiyalar əsasında formalaşır. Seçkilərdə ən çox səs toplayan partiyanın liderinin avtomatik olaraq baş nazir olması nəzərdə tutulmur. Əsas məsələ hökuməti formalaşdırmaq üçün kifayət qədər parlament dəstəyi əldə etməkdir.

Seçkilərdən sonra siyasi partiyalar arasında danışıqlar aparılır, koalisiya şərtləri müzakirə edilir və hökumətin tərkibi müəyyənləşdirilməyə çalışılır. Bu proses bir neçə həftə, hətta aylarla davam edə bilər. Tərəflər razılığa gələ bilmədikdə isə ölkədə yenidən seçkilərin keçirilməsi ehtimalı yaranır.

Seçkilərin əsas mövzuları hansılardır?

Seçki kampaniyasının əsas mövzularından biri təhlükəsizlikdir. Netanyahunun rəqibləri 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumları zamanı təhlükəsizlik sistemində yaranmış boşluqlara görə hökuməti tənqid edirlər.

Həmin hücumlar zamanı təxminən 1 200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülərək Qəzza zolağına aparılıb. Netanyahu isə sonrakı müharibələrdə əldə olunan hərbi nəticələrə istinad edərək ölkənin təhlükəsizliyini təmin edə biləcək lider olduğunu vurğulayır.

Hərbi xidmət məsələsi də seçkilərin gündəmində xüsusi yer tutur. Əvvəllər dini təhsillə tam zamanlı məşğul olan ultraortodoks yəhudi kişilərin böyük hissəsi hərbi xidmətdən azad edilirdi. Lakin müharibə dövründə hərbi xidmət yükünün cəmiyyət arasında bölüşdürülməsi ilə bağlı mübahisələr daha da kəskinləşib.

Məhkəmə islahatları da siyasi mübarizənin mühüm istiqamətlərindəndir. Netanyahunun hökumətinin məhkəmə sistemində dəyişikliklər etmək cəhdləri ölkədə genişmiqyaslı etirazlara səbəb olub. Tənqidçilər bu dəyişikliklərin məhkəmə hakimiyyətinin müstəqilliyini zəiflədə biləcəyini bildirirlər.

Bundan başqa, ərzaq və mənzil qiymətlərinin artması, eləcə də ümumi yaşayış xərcləri seçicilərin diqqət mərkəzindədir. Beləliklə, təhlükəsizliklə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyi, hərbi xidmət və iqtisadi vəziyyət seçkilərin nəticəsinə təsir göstərə biləcək əsas amillərdir.

Seçkilər fələstinlilərin gələcəyinə necə təsir edə bilər?

İsraildə formalaşacaq yeni hökumətin tərkibi Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan fələstinlilərə münasibətdə yürüdüləcək siyasət baxımından da əhəmiyyətlidir.

Qəzza zolağında atəşkəsə baxmayaraq, təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. İsrail ərazidə həyata keçirdiyi zərbələrin HƏMAS üzvlərinə qarşı yönəldiyini bildirir. Münaqişə nəticəsində mülki əhali arasında çoxsaylı itkilər qeydə alınıb, yaşayış infrastrukturu ciddi zərər görüb.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Qəzzada 74 mindən çox insan öldürülüb. Bu rəqəmlər münaqişənin humanitar nəticələrinin miqyasını göstərir.

İordan çayının qərb sahilində isə yəhudi məskunlaşanların fələstinlilərə qarşı hücumları və İsrail yaşayış məntəqələrinin genişləndirilməsi beynəlxalq narahatlıq doğurur. Beynəlxalq hüquqa görə, işğal altındakı ərazilərdə İsrail yaşayış məntəqələri qanunsuz hesab edilir.

Qəzza məsələsində Netanyahu və Ayzenkotun mövqeləri arasında müəyyən oxşarlıqlar var. Hər iki siyasətçi HƏMAS-ın silahsızlaşdırılmasını və təşkilatın ərazidəki hakimiyyətinə son qoyulmasını vacib hesab edir. Ayzenkot HƏMAS-ın Qəzzadakı hakimiyyətinə 18 ay ərzində son qoyacağını vəd edib, zərurət yaranarsa, hərbi vasitələrdən istifadəni də istisna etməyib.

İordan çayının qərb sahili ilə bağlı məsələlərdə isə fərqlər daha aydın görünür. Netanyahu tərəfi məskunlaşma siyasətinin genişləndirilməsini dəstəkləyir. Ayzenkot isə İsrail yaşayış məntəqələrini ümumilikdə dəstəkləsə də, mübahisəli E1 məskunlaşma layihəsinə qarşı çıxır. Tənqidçilər hesab edirlər ki, bu layihə İordan çayının qərb sahilini iki hissəyə bölə və gələcək Fələstin dövlətinin ərazi bütövlüyünü çətinləşdirə bilər.

Ayzenkot, həmçinin fələstinlilərə məxsus torpaqlarda inşa edilmiş bəzi icazəsiz məskunlaşma məntəqələrinin bağlanmasını və zorakılıq törədən yəhudi məskunlaşanlara qarşı tədbirlər görülməsini müdafiə edir. Bununla belə, o da daxil olmaqla, əsas siyasi qüvvələrin əksəriyyəti yaxın perspektivdə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləmir.

İki dövlətli həll modeli — İsrail və müstəqil Fələstin dövlətinin dinc yanaşı yaşaması ideyası — uzun illər beynəlxalq diplomatiyanın əsas istiqamətlərindən biri olub. Lakin İsrailin aparıcı siyasi qüvvələri arasında bu modelə dəstək zəifləyib. Hazırkı seçkilərdə də Fələstin dövlətinin yaradılması əsas yəhudi partiyalarının böyük əksəriyyətinin prioritetləri sırasında deyil.

Seçkilərin nəticələri nə vaxt açıqlanacaq?

Seçki günü — oktyabrın 27-də — yerli vaxtla saat 22:00-da, Bakı vaxtı ilə saat 23:00-da İsrail telekanallarının exit-poll nəticələrini açıqlaması gözlənilir. Bu sorğular seçicilərin səsvermədən sonra verdikləri cavablar əsasında ilkin mənzərəni əks etdirəcək. Lakin onların nəticələri rəsmi yekunlardan fərqlənə bilər.

Rəsmi nəticələrin noyabrın 4-də açıqlanması nəzərdə tutulur. Nəticələrdən sonra İsrail Prezidenti İsaak Hersoq siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələr aparacaq və hökuməti formalaşdırmaq üçün ən uyğun namizədə bu vəzifəni həvalə edəcək.

Hökumətin yaradılması prosesi uğursuz olarsa, başqa siyasi liderə şans verilə bilər. Müxtəlif cəhdlər nəticəsiz qaldıqda isə ölkədə yenidən seçkilərin keçirilməsi gündəmə gələ bilər.

İsrailin siyasi tarixində koalisiya böhranları və təkrar seçkilər dəfələrlə yaşanıb. Buna görə də oktyabrın 27-də keçiriləcək səsvermənin nəticələri yalnız növbəti baş nazirin kim olacağını deyil, həm də ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək.

BBC News

Gülnar Mustafayeva

#qalib #yoxsa #gündəm #i̇sraildə #həlledici
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər