“İsrailin növbəti addımı görüşün real təsirini göstərəcək” - Züriyə Qarayeva
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş yekunlaşıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşün pozitiv və məhsuldar keçdiyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp-Netanyahu görüşü Yaxın Şərqdə hərbi qarşıdurmanın diplomatik mexanizmlərlə paralel idarə olunmağa çalışıldığını göstərir:
“Görüşdə İranla münaqişə, İsrail-Livan xəttində Üçtərəfli Çərçivənin icrası və Abraham Sazişlərinin genişləndirilməsinin müzakirəsi Vaşinqtonun regional təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq niyyətindən xəbər verir. ABŞ bir tərəfdən İsrailin təhlükəsizliyinə dəstəyini davam etdirir, digər tərəfdən isə İran və Livan istiqamətində nəzarətsiz eskalasiyanın qarşısını almağa çalışır. Görüşün “pozitiv və məhsuldar” adlandırılmasına baxmayaraq, tərəflər arasında İranla münaqişənin davam etdirilməsi, diplomatik danışıqların perspektivi və İsrailin Livandakı hərbi fəaliyyəti ilə bağlı müəyyən fikir ayrılıqlarının olduğu bildirilir. Buna görə də görüşün real təsiri verilən açıqlamalardan daha çox, İsrailin növbəti mərhələdə hərbi əməliyyatlarını məhdudlaşdırıb-məhdudlaşdırmayacağı və regional diplomatiyaya hansı səviyyədə qoşulacağı ilə müəyyənləşəcək”.
Politoloq qeyd edib ki, bu təmas ABŞ-İsrail strateji tərəfdaşlığında avtomatik, qeyd-şərtsiz dəstək modelindən daha koordinasiyalı və şərtləndirilmiş əməkdaşlıq mərhələsinə keçid kimi qiymətləndirilə bilər:
“Vaşinqton İsrailin hərbi üstünlüyünü və təhlükəsizliyini qorumaqda maraqlıdır, lakin eyni zamanda Netanyahu hökumətindən İran, Livan və Qəzza məsələlərində ABŞ-nin daha geniş regional strategiyasına uyğun davranmağı tələb edir. Abraham Sazişlərinin, xüsusilə Səudiyyə Ərəbistanının mümkün iştirakı ilə genişləndirilməsi bu tərəfdaşlığın hərbi müttəfiqlikdən regional siyasi-iqtisadi blokun qurulmasına doğru inkişaf etdirildiyini göstərir. Bununla yanaşı, ərəb dövlətlərinin normallaşma prosesinə qoşulması Fələstin məsələsində real siyasi perspektivin yaradılmasından və regional müharibənin dayandırılmasından asılı olacaq. Beləliklə, yeni mərhələnin əsas xüsusiyyəti İsrailin təhlükəsizliyinin yalnız hərbi güclə deyil, diplomatik normallaşma, regional koalisiya və ABŞ-nin vasitəçiliyi vasitəsilə təmin edilməsinə çalışılmasıdır”.
Nuray Əliyeva