İsrailin Qəzza planı: Fələstinlilərin kütləvi köçürülməsi gündəmdə
İsrail Qəzzada müharibədən sonrakı dövr üçün yerli əhalinin kütləvi şəkildə köçürülməsini ən yaxşı həll yolu hesab edir və fələstinlilərin anklavdan təşkil edilmiş şəkildə çıxarılması üçün şərait yaratmağa hazırdır.
Mövzu ilə bağlı “İnformator.az”açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki,İsrailin uzunmüddətli planının Qəzza bölgəsində
fələstinlilərin köçürülməsi olduğu görünür:
“Məqsəd isə, əlbəttə ki, həmin əraziyə nəzarəti ələ keçirməkdir.Qəzzadan fələstinlilərin köçürülməsi Donald Trampın təklif etdiyi bir variant kimi səslənsə də, əslində bunun İsrail layihəsi olduğu və əsas məqsədin bölgəyə nəzarətin əldə edilməsi olduğu qənaəti formalaşır.Fələstinlilər buradan köçürülür və İsrailin hücumları nəticəsində dağılan evlərin söküləcəyi bildirilir. Lakin bundan sonrakı mərhələdə Qəzza bölgəsində tikiləcək yeni evlərdə kimin yaşayacağı sual olaraq qalır. Bu isə gələcəkdə həmin ərazilərdə yəhudi yaşayış məskənlərinin salınacağı ehtimalını gündəmə gətirir”.
Politoloq qeyd edib ki,Bu, qəbuledilməz haldır və beynəlxalq hüquq normaları baxımından ciddi narahatlıq doğurur:
“Belə bir proses bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər.Nəticə etibarilə, HƏMAS təşkilatının da ləğv edilməsi nəzərdə tutulur. İsrail fələstinlilərin köçürülməsinə hazır olduğunu bildirsə də, bunun heç də asanlıqla həyata keçiriləcəyini düşünmək olmaz. Çünki könüllü şəkildə illərdir uğrunda mübarizə apardıqları torpaqları tərk etmək istəməyəcəklər.
Bu baxımdan, yenidən toqquşmaların baş verməsi, Qəzzada böyük hücumların yaşanması və bundan sonra insanların köçürülməsi ehtimalı var”.
Zeynal Əmrəliyevin sözlərinə görə,
digər əsas məsələ isə fələstinlilərin hara köçürüləcəyidir:
“Qonşu ölkələrin onları qəbul etmək imkanlarının məhdud olması bu məsələdə ciddi problemlər yaradır. Onların Misirə, Suriyaya, yoxsa Livana köçürüləcəyi də sual altındadır.bu proses Fələstin dövlətçiliyinin tamamilə məhv edilməsinə zəmin yarada bilər. Torpaqların birdəfəlik itirilməsi gələcəkdə qurulması nəzərdə tutulan Fələstin dövlətinin ərazi bütövlüyünü və dövlətçilik perspektivini ciddi şəkildə təhlükə altına sala bilər”.
Nurgün Qənizadə