İsrailin sürprizləri və xaos strategiyası: Netanyahudan İrana mesaj
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və İrana qarşı əməliyyat çərçivəsində addımların koordinasiyasını müzakirə etdiklərini bildirib. O, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb: “Qarşıda hələ xeyli sürpriz var. Müharibəni hiylə ilə aparacağıq. Biz burada bütün hiylələri açıqlamayacağıq, ancaq çox plan var”, - deyə yazıb.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ İranı zəiflədərək güzəştlərə məcbur etməyə, İsrail isə regionda xaosun yaranmasına çalışır:
“İsrail ilə ABŞ arasında istər müharibədən öncə, istərsə də hazırda İran məsələsi ilə bağlı fikir ayrılıqları mövcud olub. ABŞ İranı zəiflətməklə onu maksimum güzəştlərə məcbur etmək və öz maraqlarını təmin etməyə çalışıb. İsrail isə xaosa maraqlı olub və deyə bilərik ki, buna da nail olub.Gözlənildiyi kimi müharibə nəticəsində ABŞ-nin bölgədəki bazaları vurulub, Hörmüz boğazı bağlanıb. Nəticədə isə ABŞ hökuməti üzərində qlobal təzyiqlər artıb. Bu da ABŞ daxilində hökumətin aralıq seçkisi ərəfəsində mövqelərinin zəifləməsinə gətirib çıxarıb. Eyni zamanda ABŞ hökuməti daxilində də narazılıqlar getdikcə artır. ABŞ Milli Terrorla Mübarizə Mərkəzi direktorunun istefası bu narazılığın tərkib hissəsidir və bu tipli addımların sayı arta bilər. Bu isə Trampı çətin vəziyyətə salır. Hökumət daxilində İranla razılaşma tərəfdarları və müharibə əleyhinə olanlar var. Bu vəziyyət isə İsraili ciddi şəkildə narahat edir. Nəzər salsaq, görərik ki, Tramp Xark adasını vursa da, neft obyektlərinə toxunmayıb. Çünki belə olacağı halda İran da ABŞ-nin bölgədəki şirkətlərini hədəf ala bilər. İsrail isə dərhal Tehranda neft anbarını vuraraq, İranın ABŞ-yə qarşı bu addımı atmasına təhrik edib. Yəni İsrail bütün gücü ilə ABŞ-İran arasında razılaşma ehtimalları ilə bağlı zəmin formalaşmasını istəmir”.
Siyasi şərhçi Laricaninin öldürülməsini bu prosesin tərkib hissəsi olduğunu vurğulayıb:
“Çünki Laricani və tərəfdarları maksimum radikallığın deyil, strateji yanaşmanın tərəfdarı kimi çıxış edib. Onun öldürülməsi isə SEPAH-ın daha da radikallaşması üçün əsaslar yaradıb. Bu isə bölgəni İsrailin arzuladığı qiyamət savaşlarına sürükləyə, hətta nüvə təhdidləri də yarada bilər. Trampın “İsrail İrana qarşı heç vaxt nüvə silahından istifadə etməyəcək”,-deməsi də hesab edirəm ki, təsadüfi deyil və bu, İsrailə verilən mesaj kimi dəyərləndirilməlidir. Amma istənilən halda çox təhlükəli vəziyyət var və teoloji faktorun həlledici amilə çevrilməsi ilk növbədə bölgəni, eyni zamanda dünyanı fəlakətə sürükləyə bilər. Bunun qarşısını ala biləcək əsas faktorlardan biri ABŞ xalqıdır”.

Zəri Bayramlı