00:00:00
Yazar
Admin User
04.02.2026 15:49 54 3 dəq oxuma
Sosial

İşsiz gənclər və sosial davranışlarda dəyişiklik

İşsiz gənclər və sosial davranışlarda dəyişiklik

Son illər Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi diqqət çəkəcək dərəcədə artıb. Mütəxəssislər bildirir ki, iş tapmaq çətinliyi gənclərin yalnız maddi vəziyyətinə deyil, həm də sosial həyatına və davranışına ciddi təsir göstərir.

 

İşsiz gənclər arasında motivasiya itkisi, sosial aktivliyin azalması və ünsiyyət çətinlikləri müşahidə olunur. Bəzi gənclər evdə daha çox vaxt keçirməyə başlayır, maraq dairəsi daralır, bəzi hallarda isə depressiya və stress riski artır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, bir gəncin işsiz qalmasının bir neçə səbəbi ola bilər:

 

"Məsələn, 1-ci səbəb obyektiv səbəblər, yəni həqiqətən ölkədə iş yerləri azdır və bu gənc iş tapa bilmir. 2-ci səbəb, ölkədə iş yerləri az deyil, iş var, amma bu insan özü fərd kimi psixoloji baxımdan tənbəldir, işsiz qalıb. Və yaxud acı dildir, aqressivdir, gedir hansısa bir yerdə işləməyə hövsələsizdir, tab gətirə bilmir və tez çıxır. Bu da çox vacib bir məsələdir. Bunun statistikası hazırlamaq çox çətindir. Gərək, bütün işsiz gənclərin hər birini bir-bir psixoloji konsultasiyadan keçirəsən ki, görək bu adam həqiqətənmi ölkədə iş yoxdur deyə işsiz qalıb yoxsa işsizlik bunun özündəndir problem. Bunu müəyyənləşdirmək çox çətin məsələdir. Sadəcə biz ümumi olaraq, gəncləri iş tapmağa, işləməyə təşviq etməliyik. İşsiz qalanda nə baş verdiyi haqqda danışaq. Xeyli fəsadlar yaranır. Tədqiqatçılar deyir ki, cinayətlərin yaranmasının səbəblərindən biri də işsizlikdir. Yəni işsiz insanın cinayət törətmə ehtimalı obirilərdən daha çoxdur. Bu o demək deyil ki, işsiz insan gedib mütləq cinayət edir. Sadəcə müqayisədə ehtimal daha üstündür. İşsiz insanın stressə düşmə ehtimalı daha çoxdur,işsiz insanın depressiyada qalması daha çoxdur. Çünki insan işləyən zaman cəmiyyət içinə çıxır və insanlarla təmasa girir. Kommunikasiya insanı depressiyadan qurtarır, tənhalıq insanı depressiyaya salır. Ona görə gənclərimiz hamısı bunu bilməlidir ki, işsiz qalmaq insanı məhvə doğru aparır. Mütləq, özlərinə bir iş tapmalıdırlar. Öz istedadlarına uyğun, öz perspektivlərinə, imkanlarına, bacarıqlarına uyğun iş tapmalıdırlar. Ola bilsin ki, iş çətin olsun, amma yavaş-yavaş, hövsələ və dözüm ilə irəli getməlidirlər".

 

 

Mövzu ilə bağlı açıqlamasında iş axtaran gənc Ayxan Əzimov bildirib ki,açığı, iş axtarmaq insanın səbrini və psixologiyasını çox yoxlayır:

 

"Əvvəl həvəsli olursan, elanlara baxırsan, CV göndərirsən, müsahibəyə çağırılanda sevinirsən. Amma ard-arda cavab gəlməyəndə, ya da “geri dönüş edəcəyik” deyib əlaqə saxlamayanda insan yavaş-yavaş ruhdan düşür. Bir yerdən sonra özünü dəyərsiz hiss etməyə başlayırsan, elə bil cəmiyyətə lazım deyilsən.

Evə qapanırsan, günlərin bir-birinə qarışır. Dostların işə gedir, planlar qurur, sən isə onlara qoşula bilmirsən. Pul xərcləməkdən çəkinirsən, sosial mühitdən uzaqlaşırsan. Ailənin də gözləntisi olur, bəzən açıq deməsələr də, sən bunu hiss edirsən və bu, adama daha ağır gəlir. Stress, narahatlıq, gecələr düşünməkdən yata bilməmək -bunlar hamısı işsizlik dövründə yaşadığım şeylərdir".

 

 

Mövzu ilə bağlı yaşlı vətəndaşlardanda sorğu götürdük. Yaşlı vətəndaşımız Müsənnif Quliyev açıqlamasında bildirib ki, mən bir vətəndaş kimi bunu çox təhlükəli hal hesab edirəm:

 

"Gənclər işsiz qalanda təkcə pul qazanmırlar deyə yox, həm də özlərini həyata yararsız hiss edirlər. Bu isə zamanla aqressiyaya, ümid itkisinə və cəmiyyətdən uzaqlaşmaya gətirib çıxarır. İnsanın işi olmayanda gələcəklə bağlı plan qurması da çətinləşir evlənmək, ailə qurmaq, məsuliyyət götürmək hamısı təxirə düşür.

Bu problem uzun müddət davam etsə, cəmiyyət üçün daha böyük fəsadlar yarada bilər. Gənclərin ölkədən getmək istəyi artır, bəzi insanlar asan, amma yanlış yollara üz tutur. Məncə, çıxış yolu yalnız “iş var” deməklə olmur. Gənclərə real şans verilməlidir, təcrübəsiz olduqlarına görə qapılar üzlərinə bağlanmamalıdır. Təcrübə proqramları, ödənişli stajlar, peşə yönümü çox vacibdir. Ən əsası isə gənclərə “sən lazımsan” hissi verilməlidir".

 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər