İsveç və Azərbaycan Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirib
Müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri əhatə edib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İmformator.az"a aydınlıq gətirib. O bildirib ki, Azərbaycanla münasibətlərin inkişafı regionda sülhün və siyasi sabitliyin möhkəmlənməsinə xidmət edir:
"Azərbaycanla ikitərəfli münasibətlərin qurulması İsveçin maraqları daxilindədir. İsveç NATO-nun yeni üzvlərindən biridir və alyans daxilində siyasi-diplomatik fəallığını artırmaq niyyətindədir. Buna görə də İsveç NATO-nun siyasi və diplomatik fəaliyyət imkanlarının genişləndirilməsində rolunu nümayiş etdirmək istəyir. İsveçin Azərbaycanla olan siyasi dialoqunu NATO üzvü kimi aparması xüsusi əhəmiyyət daşıyır. Əvvəllərdə İsveç və Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq olub. İndi bu münasibətlərin əsas fərqi İsveçin NATO-nun ən gənc üzvü statusunda Azərbaycanla əməkdaşlığa daha açıq şəkildə yanaşmasıdır. İsveçin Azərbaycanla hərtərəfli əməkdaşlıqda fəallaşması eyni zamanda Avropa İttifaqı və NATO-nun Cənubi Qafqazda artan maraqları ilə əlaqədardır. Çünki ABŞ-nin Avropa İttifaqından qismən fərqli siyasət yürütməsi yaxın perspektivdə bölgədə öz təsirini göstərə bilər".
Müsahib qeyd edib ki, əvvəllər Cənubi Qafqazda ABŞ və Avropa İttifaqı ölkələrinin siyasətlərində müəyyən uyğunluq mövcud idisə, gələcəkdə bu yanaşmalar arasında fərqliliklərin yaranması istisna edilmir:
"Bu isə regionda ABŞ ilə NATO-nun Avropa üzvü olan ölkələri arasında müəyyən rəqabət elementlərinin meydana çıxmasına səbəb ola bilər. İsveç mümkün siyasi fərqliliklərdən öz maraqları naminə istifadə etmək və regionda mövqelərini gücləndirmək üçün indidən aktivlik nümayiş etdirir. Digər tərəfdən, İsveç uzunmüddətli dövlətçilik və diplomatik təcrübəyə malik olan ölkə kimi bilir ki, istənilən geosiyasi bölgədə münasibətlər qurarkən əsas, aparıcı aktorla əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Cənubi Qafqazın ən güclü və aktiv ölkəsinin Azərbaycan olduğunu bilən İsveç NATO-nun yeni üzvü kimi Bakı ilə münasibətləri dərinləşdirməklə, əslində, alyansın regiondakı nüfuzunun güclənməsinə töhfə verir. NATO regionda sülh prosesində nə qədər maraqlıdırsa, İsveçin də eyni mövqedən çıxış edəcəyi gözləniləndir. İsveç anlayır ki, Cənubi Qafqazda müharibəni qızışdırmaq siyasəti indiyədək nəticə verməyib. Bu səbəbdən Azərbaycanla münasibətlərin inkişafı regionda sülhün və siyasi sabitliyin möhkəmlənməsinə xidmət edir. Beləliklə, İsveçin Cənubi Qafqazla bağlı gələcək siyasətində Azərbaycan əsas tərəfdaşlardan biri olacaq".
Səmayə Səftərova
