00:00:00
Yazar
Zəhra Həsənova
10.07.2026 15:12 29 3 dəq oxuma
Siyasət

"İtaliya ilə hərbi-texniki əməkdaşlıq ordumuzun inkişafına mühüm töhfə verəcək" - Ekspert

"İtaliya ilə hərbi-texniki əməkdaşlıq ordumuzun inkişafına mühüm töhfə verəcək" - Ekspert

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-İtaliya arasında müdafiə sahəsində strateji tərəfdaşlıq münasibətləri, hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətlərində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. 

 

Mövzu ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə İtaliya arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır:

 

“İtaliya yüksək keyfiyyətli silahlar istehsal edir. Həmin silahlar beynəlxalq sərgilərdə nümayiş olunur və müxtəlif əməliyyatlarda uğurla istifadə edilir. Azərbaycanın zabitləri İtaliyada müxtəlif hərbi kurslarda iştirak edirlər. Bu da əməkdaşlığın vacib istiqamətlərindən biridir. İtaliya NATO üzvü olmaqla yanaşı, Azərbaycanla dostluq münasibətlərinə malik dövlətdir. Bu əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsinin, peşəkar hazırlığının və hərbi vərdişlərinin artırılmasına müsbət təsir göstərir. Azərbaycan yeni formalaşmış, müasir NATO standartlarına və türk modelinə uyğun inkişaf edən ordu quruculuğu yolu keçdiyi üçün İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Hərbi təcrübə və bilik mübadiləsi Silahlı Qüvvələrin inkişafına praktik töhfə verir. Hazırda İtaliyada təhsil alan azərbaycanlı zabitlər var, əvvəllər onların sayı daha çox olub. Müxtəlif ölkələrin müsbət təcrübəsini öyrənmək və tətbiq etmək Azərbaycan ordusu üçün vacib məsələdir. İtaliya bu sahədə ciddi imkanlara malikdir. Gələcəkdə Azərbaycan daha müasir silah sistemləri əldə edə bilər. Xüsusilə, hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri müasir müharibələrdə həlledici rol oynayır. Regionda baş verən münaqişələr də bunu göstərir. İtaliyanın həm hücum, həm də müdafiə xarakterli müasir silahları, o cümlədən hava hücumundan müdafiə sistemləri var və Azərbaycan bu imkanlardan faydalana, həmin sistemləri əldə edə bilər.

 

İtaliya NATO ölkəsi kimi digər müasir silah sistemlərinə də malikdir. Ümumilikdə, hərbi-texniki əməkdaşlıq Azərbaycan üçün yalnız müsbət nəticələr vəd edir. Təsadüfi deyil ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov ilə İtaliyanın Müdafiə naziri arasında keçirilən görüşdə, eləcə də geniş tərkibli danışıqlarda hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni, müasir silahların əldə olunması istiqamətində perspektivlər nəzərdən keçirilə bilər. Digər tərəfdən, Azərbaycanın hərbi sənayesi də keyfiyyətli silahlar istehsal edir. Gələcəkdə İtaliya da Azərbaycanda istehsal olunan bəzi məhsullarla maraqlana bilər. Bu isə ölkəmizə iqtisadi baxımdan da əlavə gəlir gətirə bilər”.

 

Ekspert, həmçinin əlavə edib ki, münasibətlər yalnız hərbi sahə ilə məhdudlaşmır:

 

“Azərbaycan ilə İtaliya arasında əlaqələr müxtəlif istiqamətlər üzrə yüksək səviyyədədir. İtaliya hər zaman Azərbaycanı dəstəkləyib, Azərbaycan da İtaliya ilə münasibətlərə önəm verib. Hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək və yeni perspektivlər yaranacaq. Həmin imkanlardan da Azərbaycan ordusunun inkişafı naminə səmərəli şəkildə istifadə etmək mümkün olacaq”.

 

Fatimə Hüseynli

#əməkdaşlıq #hərbi-texniki #ordumuzun #"i̇taliya #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər