İtaliya müdafiə naziri: Avrasiya regionunda Azərbaycanın rolu fundamentaldır
“Azərbaycanlı həmkarım general-polkovnik Zakir Həsənovla səmimi görüş keçirdik. Avrasiya regionunda Azərbaycanın rolu fundamentaldır və ölkə İtaliya üçün əsas həmsöhbət, həm də enerji sektorunda strateji tərəfdaşdır”. Bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto öz “X” hesabında yazıb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika xəritəsində rolu da əhəmiyyətli dərəcədə artıb:
"İtaliya müdafiə nazirinin Azərbaycanın rolunu fundamental kimi qiymətləndirməsi kifayət qədər real və obyektiv əsaslara söykənir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan müasir tarixdə mühüm təcrübə formalaşdırıb. Bu təcrübə, əsasən, sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Azərbaycan öz ərazilərini işğaldan azad edərək Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionda münaqişə potensialını minimuma endirib. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz Avropa ilə Asiya arasında unikal körpü rolunu oynayır. Eyni zamanda, regionda mühüm enerji layihələri həyata keçirilir, beynəlxalq nəqliyyat və logistika xətləri məhz bu ərazidən keçir. Bu, Cənubi Qafqazı həm əlaqələndirici mərkəzə, həm də müxtəlif bazarların təchizatında mühüm rol oynayan bölgəyə çevirir".
Politoloq bildirib ki, belə bir şəraitdə Azərbaycanın sülhyaratma istiqamətində fəaliyyəti, etibarlı təhlükəsizlik mühitinin formalaşdırılması, yeni əməkdaşlıq imkanlarının təşviqi və təşəbbüslərlə çıxış etməsi onun Avrasiyada fundamental rolunu təsdiqləyir:
"İtaliya müdafiə nazirinin də məhz bu amilləri nəzərə alaraq Azərbaycanın rolunu önə çıxardığı qənaətinə gəlmək olar. Bu gün Azərbaycan dövlətlərarası əməkdaşlığın inkişafında təşəbbüskar kimi çıxış etməklə yanaşı, qlobal məsələlərin həllində də fəal iştirak edir. Ölkənin irəli sürdüyü təşəbbüslər və atdığı addımlar beynəlxalq əməkdaşlığın güclənməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan bu gün dünyada “təhlükəsizlik adası” kimi tanınır. Yaxın və uzaq regionlarda silahlı toqquşmaların davam etdiyi bir vaxtda Azərbaycan həm öz sərhədləri daxilində, həm də yerləşdiyi regionda sabitliyin qorunmasına töhfə verir, yeni əməkdaşlıq platformalarının formalaşdırılması istiqamətində təşəbbüslər irəli sürür".
Müsahib qeyd edib ki, enerji sahəsində Azərbaycan-İtaliya münasibətləri də strateji xarakter daşıyır. Bu əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir:
"İtaliyanın təbii qaza olan tələbatının təxminən 16,3 faizini Azərbaycan qarşılayır. Ümumilikdə isə enerji sahəsində iki ölkə arasında kifayət qədər effektiv əməkdaşlıq sistemi formalaşıb. Xüsusilə, TAP qaz kəməri vasitəsilə Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün prioritet hesab olunur. Bununla yanaşı, elektrik enerjisi infrastrukturunun inkişafı sahəsində də əməkdaşlıq mövcuddur. İtaliya şirkətləri Mingəçevir elektrik stansiyasının modernləşdirilməsi prosesində yaxından iştirak edir. Bu stansiya ölkənin elektrik enerjisinə olan tələbatının əhəmiyyətli hissəsini ödədiyindən, layihə xüsusi önəm daşıyır. 2022-ci ildən etibarən Azərbaycan və İtaliya arasında bərpa olunan enerji sahəsində də əməkdaşlıq inkişaf edir. Bu istiqamətdə müvafiq razılaşmalar imzalanıb".
Politoloq vurğulayıb ki, Azərbaycanın bərpa olunan enerji potensialı işğaldan azad edilmiş Zəngəzur və Qarabağ bölgələrində olduqca yüksəkdir:
" Həmin ərazilərdə İtaliya şirkətləri ilə birgə həyata keçirilən layihələr bu potensialın reallaşdırılmasına xidmət edir. Bunlar Azərbaycan-İtaliya əməkdaşlığının yeni və perspektivli istiqamətlər üzrə inkişaf etdiyini göstərir. Ümumilikdə isə Azərbaycanın beynəlxalq arenada rolu getdikcə güclənir. Ölkə həm siyasi, həm iqtisadi münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bununla yanaşı, Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika xəritəsində rolu da əhəmiyyətli dərəcədə artıb. Ölkə müxtəlif regionlar arasında əlaqələndirici mərkəz kimi çıxış edir. Xüsusilə, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın rolu diqqətəlayiqdir. Bu isə regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir".
Səmayə Səftərova