00:00:00
Yazar
Nərmin Həşimova
26.03.2026 18:42 37 7 dəq oxuma
Maraqlı

İztirablar içində yaşayan nazir xanımı

İztirablar içində yaşayan nazir xanımı

Ötən ilin yay aylarında Şəfiqə xanım Qaspiralı haqqında maraqlı bir yazı oxudum. Müəllif haqlı olaraq qeyd edir: “Azərbaycanda kifayət qədər tanıdılmayan şəxsiyyətlərdən biri də Şəfiqə xanım Qaspiralıdır”. Doğrudan da belədir. Burada günahı mən bir tədqiqatçı kimi özüm də görürəm. Mən özüm Şəfiqə xanım Qaspiralı haqqında ilk dəfə 1990-cı illərdə şəxsiyyətinə və xanım-xatınlığına çox böyük hörmət etdiyim, BDU-nun professoru, yazıçı Əzizə xanım Cəfərzadədən eşitmişdim. Həmin illərdə “Türk kültür cəmiyyəti”nin xətti ilə Türkiyəyə dəvət olunan Əzizə xanım Bakıya qayıdan kimi onunla görüşüb “Azərbaycan” qəzeti üçün müsahibə aldım. (Bax: “Azərbaycan” qəzeti, 21 sentyabr 1990-cı il). Söhbətimizin sonunda Əzizə xanım mənə bir neçə məktub və foto şəkillər göstərdi. Bu şəkillər və məktublar “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Qaspiralıya aid idi. Əzizə xanım bildirdi ki, bunları ona Türkiyədə olarkən Nəsib bəyin nəvəsi Zöhrə Göygöl verib. (Nəsib bəyin qızının adı Zöhrə olub. Bu adı da ona İsmayıl bəy Qaspiralı birinci xanımı Zöhrənin ruhunu şad etmək üçün qoyubmuş).


Əzizə xanımın göstərdiyi sənədlər arasında daha çox diqqətimi məktublar çəkdi. Yeri gəlmişkən, bu məktublar haqqında bir az məlumat vermək istərdim. Əvvəla, onu qeyd edim ki, Əzizə xanım deyirdi: “Zöhrə xanım bu məktubları mənə verərkən mən ona deyəndə ki, “bu əziz xatirələri mənə necə verirsiniz, onlardan necə ayrıla bilirsiniz?”gözləri doldu. “Onların yeri ordadır, Vətən”,-deyə ağladı”.
 
Bu məktublar 1904-1906-cı illərdə Nəsib bəy tərəfindən Şəfiqə xanım Qaspiralıya yazılan məktublardır. Məktublardan belə bəlli olur ki, bu zaman onlar nişanlı olublar. Bildiyimiz kimi, Nəsib bəy Odessa Universitetində təhsil alarkən tələbələrin çıxışlarından qəzəblənən çar hökuməti müvəqqəti olaraq universiteti bağlayır. Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirməli olur. Həmin məktublardan onu da bildim ki, sən demə, Nəsib bəy Odessada ilk olaraq tibb fakültəsinə daxil olur, sonradan baş verən siyasi hadisələr onu hüquq fakültəsini seçməyə vadar edir. Hələ o zaman Şəfiqə xanım Nəsib bəyin bu yerdəyişməsini zarafatla “ölüdən qorxmaq” kimi adlandırırmış. Nəsib bəy də onun zarafatlarına məktublarından birində belə cavab verir: “Mən sizə sübut edəcəyəm ki, mən tibbi sizin düşündüyünüz kimi məhz ölüdən qorxduğum üçün atmamışam. Bizim məqsədimiz ümumi qüvvəmizlə xalqı ayağa qaldırmaqdır. Çünki bu gün hüquqi məsələləri bilən adamlar lazımdır”.
 

Bu məqalədə həmin məktublar haqqında geniş söhbət açmaq fikrim yoxdur. Onlar haqqında Əzizə xanım o illərdə “Bizim əsr” qəzetində məqalə çap etdirib. Mən isə məqaləmdə XX əsrin əvvəllərində müsəlman qadınlarının azadlığı uğrunda mübarizədə, xüsusən də Azərbaycanda ictimai, siyasi, mədəni hadisələrin inkişafında rolu olan Şəfiqə xanım Qaspiralı haqqında danışmaq istərdim.
 
Kimdir Şəfiqə xanım, nə edib Azərbaycan mədəni-ictimai mühiti üçün?
 
Məşhur “Dildə, fikirdə, işdə birlik” tezisinin müəllifi, XIX əsrin ikinci yarısında Rusiya müsəlmanlarının mənəvi, milli-ideoloji lideri, maarifçi publisist, naşir, “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım Qaspiralı XIX yüzilliyin sonları Krımda anadan olub. Bir müddət “yeni üsullu” məktəblərdə dərs verən Qaspiralı övladlarının da ilk təhsili ilə özü məşğul olub. Kiçik yaşlarından mətbuat aləmində böyüyən Şəfiqə ilk olaraq “Tərcüman” qəzetinin redaksiyasında işləmişdir. Ədəbi mühit, ətrafda baş verən siyasi-ictimai hadisələr Şəfiqə xanımın həyata baxışında dəyişikliklərə səbəb olur. Qadınlara qarşı kobud, laqeyd münasibətlər, cəhalətin, rəzalətin qurbanına çevrilmələri, onu qadın azadlığı uğrunda mübarizəyə sövq edir. Bütün türk dünyasının qadınlarının hüquqları uğrunda mübarizəyə qalxaraq 1903-cü ildə mətbuata üz tutur. Məhz bu fikirlə fəaliyyətini genişləndirmək üçün 1906-cı ildən 1910-cu ilə kimi “Tərcüman”ın mətbəəsində qadınlar üçün Rusiya müsəlmanlarının ilk qadın jurnalı olan “Aləmi-nişvan” (“Qadın dünyası”) çapına nail olur. Jurnalın maarifin təbliğindəki rolu haqqında 1914-cü ildə “İqbal” qəzetində, dövrün tanınmış jurnalisti Şəfiqə xanım Əfəndizadə yazırdı: “…Aləmi-nisvan” adında bir məcmuə nəşrə başladı. Heyif ki, bu məcmuə bir çox zamanlar davam edəmədi, bununla belə, yenə xeyli faidələr bəxş elədi. Bu təşviqlər sayəsində hər tərəfdə qız məktəbləri açdırmağa müvəffəq oldu”.
 

Arxiv sənədlərindən və dövrü mətbuatdan bəlli olur ki, XX əsrin əvvəlləri Rusiyada və onun əyalətlərində baş verən siyasi-ictimai proseslər, inqilablar, çaxnaşmalar, baş verən hadisələr ziddiyyətli bir prosesə çevrilmişdir. Belə bir vaxtda Novorossiysk Universitetində təhsil alan azərbaycanlı tələbələr Krımda olarkən İsmayıl bəy Qaspiralını ziyarət edərək onunla fikir mübadiləsi aparır, dəyərli məsləhətlər alırdılar. Onların arasında Qaspiralı ocağını daha tez-tez ziyarət edən Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli idi. Sən demə, onları bu ocağa Qaspiralı qayğısı ilə yanaşı Şəfiqə xanıma olan sevgiləri də çəkib gətirirmiş. Şəfiqə xanım isə bu sevginin birini qəlbinə yaxın bilərək Nəsib bəyi seçir.
Beləliklə, Nəsib bəy və Şəfiqə xanım İsmayıl bəy Qaspiralının xeyir-duası ilə 1906-cı ildə ailə qururlar. Nəsib bəyin təhsili ilə əlaqədar, bir müddət burada yaşayırlar və iki övladları, Zöhrə və Niyaz dünyaya gəlir. Bu illər ərzində Nəsib bəy təhsilini davam etdirməklə yanaşı, “Tərcüman”da çap olunur, Azərbaycan dramaturqların əsərlərini tamaşaya qoyur, siyasi biliyini artırır, ətrafda baş verən bütün hadisələrə müdaxilə edir.

 

Nəsib bəy təhsilini başa vurduqdan sonra Şəfiqə xanımı və övladlarını da götürüb ata yurdu Gəncəyə gəlir. Bu gəliş ömürlük olaraq onların ailə həyatının uğursuzluğuna səbəb olur. Bu haqda tədqiqatçı alim Vilayət Quliyev “Baş nazirin xanımı” sərlövhəli məqaləsində geniş məlumat verdiyi üçün təkrarçılığa yol vermək istəmirəm. Məqalədən belə bəlli olur ki, Nəsib bəy Gəncədə olarkən başqa bir qadınla da dini nigah bağladıb. Bunu bilən Şəfiqə xanım ayrılmağa qərar verir və 1909-cu ildə övladları ilə birlikdə atasının yanına-Krıma qayıdır.
Nəsib bəy nəinki ailəsi ilə, hətta İsmayıl bəylə də münasibətlərini kəsmir. Bu, Nəsib bəyin hələ o zaman “Millət atası” (Şəfiqə Əfəndizadə) adlandırılan İsmayıl bəy Qaspiralıya olan böyük hörmət və izzətindən irəli gəlirdi.1914-cü il sentyabrın birinci on günlüyü İ.Qaspiralının ömrünün son günləri... Bu zaman da Nəsib bəy onun yanında idi. Qaspiralının dəfn mərasimi zamanı çəkilən şəkillərdən birində iki nəfər onun qəbri üstə diz çökərək onu yad edir. Onlardan biri Qaspiralının böyük oğlu, ikincisi isə Nəsib bəydir. Mərasimdən sonra da Nəsib bəy Şəfiqə xanımdan dəfələrlə onu bağışlamasını xahiş etsə də, Şəfiqə xanım bu təklifi qəbul etmir.


İ.Qaspiralının ölümündən sonra Şəfiqə xanım ailə qayğıları ilə yanaşı, həm “Tərcüman”ın çapına diqqət yetirir, həm də siyasi işlərə. 1917-ci ilin aprelində Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir. Konqresdən dərhal sonra həmin ayda Şəfiqə xanım Krımda “Qadın komitələri” təşkilatını yaradır. 1917-ci ilin may ayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edir. Bu zaman tək Şəfiqə xanımın deyil, Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması imperiyanı qəzəbləndirir.
Hökumət 1918-ci ilin fevralının 23-də “Tərcüman” qəzetini bağlayır, mətbəəni isə müsadirə edir. Krımda baş verən hadisələr Nəsib bəyi çox narahat etdiyi üçün dəfələrlə Şəfiqə xanıma məktub yazaraq təkidlə onları Bakıya dəvət edir, onlardan narahat olduğunu, darıxdığını bildirir. Məktublarından birində Nəsib bəy yazırdı: “Şəfi! Sənə çəkdirdiyim bunca iztirabları unutmağını istəməyə haqqım çatırmı? İndi Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma özümü xoşbəxt sanmıram. Uşaqları xatırladıqca, varımdan yox oluram. Yuxularım ərşə çəkilib...”
 

Bəzi mənbələrdə qeyd edir ki, Şəfiqə xanım 1918-ci ilin əvvəlində övladları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya Nəsib bəyin yanına gəlir. Amma Nəsib bəyin yuxarıdakı məktubundan bəlli olur ki, o, baş nazir olarkən Şəfiqə xanım övladları ilə Krımda idi. Deməli, onların Azərbaycana gəlişi ya 1918-ci ilin son aylarına, ya da 1919-cu ilin əvvəllərinə təsadüf edir. Şəfiqə xanımla uşaqların Azərbaycana gəlişi onların arasındakı şəxsi münasibətləri istiləşdirə bilməsə də, Nəsib bəy ailəsinin bütün ağırlığını öz üzərinə götürür. Şəfiqə xanım Cümhuriyyət dövrü Bakı Xalq Maarif nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayır, dövrü mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yenidən Şəfiqə xanımı Azərbaycandan didərgin salır. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxararaq küçəyə atır. Ailənin gələcək taleyindən narahat olan (deyilənlərə görə o, İsmayıl bəy Qaspiralının yaxın dostu olub) o zaman Bakıda işləyən türk diplomatı Şəfiqə xanımı və övladlarını türk hərbçiləri ilə birlikdə Batuma, sonra Trabzona, oradan isə çox çətinliklə İstanbula yola salır.
İstanbulda da Şəfiqə xanımı bir müddət iztirablı günlər, maddi çətinliklər tərk etmir. Lakin bunlara baxmayaraq, o daha çox Nəsib bəyin naməlum taleyindən narahat qalır.Dəfələrlə Azərbaycana məktub yazsa da, doğru-dürüst bir informasiya ala bilmir. Uzun get-gəllərdən sonra İstanbulda “Qızıl ay” beynəlxalq xeyriyyə cəmiyyətində tərcüməçi işləyir, övladlarını oxudur. 1975-ci ildə Şəfiqə xanım Türkiyədə dünyasını dəyişir, lakin dünyasını dəyişən günə qədər Nəsib bəyin sevgisinə sadiq qalır.
 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#baki #xanımı #gündəm #nazir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər