00:00:00
Yazar
Ayan Sadi
15.09.2026 12:49 249 4 dəq oxuma
Köşə

Jurnalistika təhsili- dəyişən zaman, dəyişməyən dəyərlər

Jurnalistika təhsili- dəyişən zaman, dəyişməyən dəyərlər

Sentyabrın ilk günləri ali məktəblərdə həmişə fərqli ovqat yaradır. Tələbələrin ilk həyəcanı, müəllimlərin yeni tədris ilinə hazırlığı... Jurnalistika fakültəsində bu başlanğıcın özünəməxsus mənası var. Çünki jurnalistika yalnız bir ixtisas deyil, daim yenilənən informasiya mühitində işləməyi tələb edən peşədir. Bu sahədə universitetdə əldə olunan bilik zamanla dəyişən texnologiyalar, yeni kommunikasiya vasitələri və praktik təcrübə ilə tamamlanır.

Bu gün jurnalistika tələbəsi üçün auditoriya ilə real media mühiti arasındakı məsafə əvvəlki illərdən fərqlidir. Xəbər telefonla çəkilir, sosial platformada yayılır, saniyələr ərzində böyük auditoriyaya çatır. Eyni hadisə haqqında mətn, video, audio, foto və qrafik material hazırlamaq mümkündür.

Deməli, müasir jurnalist hazırlığına da yalnız tələbə nə bilir? sualı ilə yanaşmaq kifayət etmir. Daha vacib olanı, bildiyini real şəraitində necə tətbiq edə bilirdir.

Ənənədən müasir jurnalist təhsilinə

Azərbaycanda jurnalistika təhsilinin özünəməxsus tarixi və ənənəsi var. 1928-ci ildə Azərbaycan Dövlət Universitetində jurnalistika və biblioqrafiya kafedrasının, 1945-ci ildə filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsinin yaradılması bu istiqamətdə mühüm mərhələlərdən olub. 1969-cu ildə jurnalistika şöbəsinin müstəqil fakültəyə çevrilməsi isə peşəkar jurnalist hazırlığının institusional əsaslarını daha da möhkəmləndirib.

Bir vaxtlar jurnalistin əsas iş alətləri qələm, bloknot, fotoaparat, mikrofon və videokamera idisə, indi bu imkanlar bir mobil cihazda cəmlənib. Texnologiyanın əlçatanlığı jurnalistin qarşısında yeni məsuliyyətlər yaradıb.

İndi məlumatı tapmaqdan çox, onun doğru olub-olmadığını müəyyənləşdirmək, materialI hansı formada və hansı auditoriya üçün təqdim etməyi düşünmək vacibdir. Əsas məqsəd düşünən, araşdıran, yoxlayan və qərar verə bilən jurnalist hazırlamaqdır.

Təcrübə auditoriyadan başlayır

Jurnalistika nəzəri biliklərlə tamamlanan, amma praktikada formalaşan ixtisaslardandır. Bu baxımdan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tədris tele-radio studiyasının xüsusi əhəmiyyəti var.

1983-cü ildə Tərcümə, televiziya və radio jurnalistikası kafedrasının nəzdində yaradılan tədris tele-radio studiyası tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək məqsədi daşıyırdı. Zaman dəyişdikcə studiyanın texniki imkanları və burada aparılan işlərin məzmunu da yenilənib.

Bu gün tələbələrimiz studiyada mövzunun seçilməsindən materialın hazırlanmasına, müsahibədən çəkilişə, səsyazmadan montaja qədər müxtəlif mərhələləri sınaqdan keçirir. Tədris studiyası sadəcə texniki məşğələ məkanı deyil, tələbənin özünü gələcək jurnalist kimi sınadığı ilk media mühitidir.

Media dəyişir, jurnalistin məsuliyyəti dəyişmir

 Bugünkü informasiya mühitinin əsas xüsusiyyətlərindən biri də sürətdir. Lakin sürətli informasiya həmişə doğru informasiya demək deyil.

Sosial şəbəkələrdə yayılan görüntünün haradan gəldiyini, məlumatın ilk mənbəyinin kim olduğunu, foto və videonun həqiqətən həmin hadisəyə aid olub-olmadığını müəyyənləşdirmək jurnalistin gündəlik işinin bir hissəsinə çevrilib.

Süni intellekt bu prosesə yeni imkanlarla yanaşı, yeni risklər də gətirib. O, məlumatların sistemləşdirilməsinə, transkripsiyaya, tərcüməyə, ilkin mətn və ideyaların hazırlanmasına kömək edə bilər. Lakin süni intellektin təqdim etdiyi informasiyanın yoxlanılması yenə də insanın, konkret olaraq jurnalistin məsuliyyətindədir. Bu səbəbdən tələbələri “süni intellektdən necə istifadə etməli?” və “ona hər zaman etibar etmək olarmı?” sualları düşümdürməlidir. Deepfake görüntülər, süni səslər, saxta sitatlar və dəyişdirilmiş fotoşəkillər informasiya mühitində jurnalistin diqqətini daha da artırmasını tələb edir. Texnologiya dəyişə bilər, amma jurnalistikanın məlumat yayımlanmamışdan əvvəl yoxlanmalıdır olan əsas prinsipi dəyişmir. 

Müasir jurnalistika təhsilində ixtisas dərslərinin əsas üstünlüyü tələbənin peşə situasiyası ilə üz-üzə qalmasıdır. Jurnalist hadisəni müxtəlif media formatlarında təqdim etməyi bacarmalıdır. Foto, video, audio, mətn və qrafikadan hansının informasiyanı daha yaxşı çatdıracağını seçmək konvergent jurnalistikanın əsas tələblərindəndir. Podkast, data jurnalistikası, multimedia, mobil və sosial media jurnalistikası ilə tanışlığı tələbədə bu bacarıqları formalaşdırır. Əsas məsələ texnologiyadan çox, hekayə üçün doğru formatı seçməkdir.

Jurnalistika fakültəsində keçirilən “Radioda praktik iş”, “Televiziyada praktik iş, “Konvergent xəbər istehsalı” kimi fənn dərslərində tələbələr öz peşələrinə daha dərindən yiyələnirlər. Mövzu seçir, müsahibə aparır, reportaj hazırlayır, çəkiliş, səsyazma, montaj prosesində hazırladıqları materialı müzakirə edirlər. Kiçik qruplarla iş bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Çünki redaksiyada olduğu kimi, burada da jurnalist tək işləmir. Müxbir, aparıcı, operator, montajçı və digər əməkdaşların işi bir-birini tamamlayır. 

Müasir jurnalistika təhsilinin beynəlxalq istiqamətləri də məhz bu yanaşmanı gücləndirir. Son illərdə jurnalistika proqramlarının yenilənməsi ilə bağlı UNESCO-nun tövsiyələrində praktik modulların artırılması, fakt-yoxlama, data jurnalistikası, vizuallaşdırma, süni intellekt və multimedia bacarıqlarının tədrisə daxil edilməsi xüsusi qeyd olunur.

Yeni tədris ili yeni başlanğıcdır. Texnologiya dəyişəcək, jurnalistikanın vasitələri yenilənəcək, amma həqiqətə bağlılıq, insanlara hörmət və sözə məsuliyyət həmişə əsas olaraq qalacaq. Uğurlu yol isə bu dəyərləri qorumaqdan başlayır.

 

Sevinc Tofiq qızı Məmmədova

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının dosenti

 

#baki #dəyişən #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər