Naxçıvan zirvəsi: İlham Əliyevin 17-ci səfəri və yeni dövriyyə
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri sadəcə növbəti bir rəsmi səfər deyil, həm də bu diyarın Azərbaycanın dövlət strategiyasındakı sarsılmaz yerinin və strateji əhəmiyyətinin növbəti təsdiqidir. Dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə isə Naxçıvanın gələcək inkişaf modelini, təhlükəsizlik və iqtisadi müstəqillik hədəflərini aydın şəkildə ortaya qoyur.
Prezidentin müsahibəsində ən çox diqqət çəkən məqamlardan biri Naxçıvanın hərbi potensialının gücləndirilməsinin prioritet olmasıdır. Coğrafi şərait və Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin olmaması Naxçıvanın təhlükəsizliyini dövlətimiz üçün hər zaman birinci dərəcəli məsələ edib. Yeni komando qüvvələrinin yaradılması və ordunun ən müasir texnika ilə təchiz olunması bölgədəki hərbi qüdrətimizin əyani sübutudur. Ancaq inkişaf yalnız hərbi güclə məhdudlaşmır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması və burada inşa ediləcək 300 meqavatlıq istilik elektrik stansiyası bölgənin sənaye və enerji potensialını yeni bir səviyyəyə qaldırır. Prezidentin qeyd etdiyi kimi, biz artıq Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, bölgəni böyük elektrik enerjisi ixracatçısına çevirməyi hədəfləyirik. Bu, regional enerji böhranlarının yaşandığı bir dövrdə Azərbaycanın nə qədər uzaqgörən siyasət yürütdüyünün göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, bütün bu iqtisadi və hərbi layihələrin təməlində milli kimliyimiz, tariximiz və mədəniyyətimiz dayanır. Əcəmi Naxçıvaninin irsinə, Möminə xatun məqbərəsinə verilən dəyər, bir tərəfdən keçmişə hörmət, digər tərəfdən isə gələcəyə ötürülən mənəvi mesajdır. Eyni zamanda, DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti Naxçıvanda da dövlət xidmətlərinin ən yüksək standartlarla təqdim olunmasının təminatıdır.
Müsahibənin ən mühüm siyasi hissələrindən biri şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlı idi. Prezidentin vurğuladığı kimi, dəhlizin açılması Azərbaycanın tarixi arzusu və üçtərəfli bəyanatla üzərinə götürülmüş öhdəlikdir. Ermənistanın 5 il ərzində prosesi ləngitmə cəhdləri, əslində, öz gələcəyini və regional əməkdaşlıq imkanlarını məhdudlaşdırmaqdan başqa bir şey deyil. Azərbaycan isə öz növbəsində, bu məsələdə prinsipial mövqeyini qoruyur və dəhlizin reallaşması üçün qətiyyət nümayiş etdirir. Bundan əlavə, Prezidentin Naxçıvanda hərbi potensialın, Əlahiddə ordunun və yeni komando qüvvələrinin gücləndirilməsini xüsusi vurğulaması da dərin siyasi məna daşıyır. Bu, bölgədəki kövrək sülh şəraitində Azərbaycanın hər an istənilən təxribatın qarşısını almağa hazır olduğunun və güc amilini diqqətdə saxladığının göstəricisidir. Siyasətdə gücün həlledici rol oynadığı bir dövrdə Naxçıvanın hərbi baxımdan tam sığortalanması ölkəmizin ümumi təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir.

Prezident İlham Əliyevin Naxçıvan səfəri bir daha göstərdi ki, bu bölgə Azərbaycanın ayrılmaz və strateji əhəmiyyətli hissəsi olaraq dövlətin diqqət mərkəzindədir. Görülən işlər, yaradılan infrastruktur və verilən strateji qərarlar Naxçıvanın yalnız bugünkü inkişafını deyil, uzunmüddətli tərəqqisini və bölgədəki rolunu möhkəmləndirir. Naxçıvan bu gün həm tarixi ənənələrinə sadiq qalan, həm də modern dünyanın çağırışlarına cavab verən inkişafın mərkəzinə çevrilir. Bu isə hər bir azərbaycanlı üçün qürurverici və gələcəyə inam yaradan bir reallıqdır.
Mayıl Soltanov