Varlı və kasıb
Əvvəlcə bir məsələni aydınlaşdıraq: bu, yumoristik üslubda yazılan bir yazıdır. O baxımdan kimsə bu yazıdan özünə pay götürməsin. Onsuz mən özüm də kasıblıq universitetinin uzunmüddətli tələbəsiyəm. Üstəlik, köşə yazısı yazıb hələ də köşəni dönə bilməyənlərdənəm. Burada söhbət sadəcə həyatın özündəki qəribə söz oyunlarından və bir az da özümüzə gülməkdən gedir.
Həyatda maraqlı bir qayda var: eyni hadisə kasıbın başına gələndə bir cür, varlının başına gələndə tam başqa cür səslənir. Sanki pul təkcə cibə yox, sözlərə də təsir edir. Məsələn, kasıb səhər tezdən qalxır, varlı isə günə erkən başlayır. Kasıb su içir, varlı maye qəbul edir. Kasıb rayona gedir, varlı səyahətə çıxır. Kasıb iş tapır, varlıya iş təklifi gəlir. Birinin zəhmətinə “iş”, o birinin zəhmətinə “karyera” deyilir. Ev həyatında da vəziyyət fərqli deyil. Kasıbın əşyası yoxdursa, “yazıq, heç nəyi yoxdur”,-deyirlər. Varlının əşyası yoxdursa, deməli, minimalist həyat tərzi seçib. Yəni, kasıbın boş otağı kasıblıqdır, varlının boş otağı isə dizayn adlanır. Yemək məsələsində də eyni mənzərədir. Kasıb yeməkxanaya gedir, varlı restorana. Kasıb tomatlı makaron yeyir, varlı “penne arabiata”. Əslində, hər ikisinin qabağında makaron var. Sadəcə birinin adı bizim dildədir, o birinin adı elə bil İtaliyada üç illik kurs keçib. Ət məsələsi isə daha maraqlıdır. Kasıb əti ədviyyatlayır, varlı marinad edir. Kasıb manqal qalayır, varlı barbekü məclisi təşkil edir. Kasıbın manqalından tüstü çıxanda qonşu pəncərəni bağlayır, varlının barbeküsündən tüstü çıxanda isə hamı süfrənin şəklini çəkib paylaşır. Sağlamlıq məsələsində də dilimiz kasıba qarşı bir az sərtdir. Kasıb xəstələnir, varlının səhhətində problem yaranır. Kasıb əməliyyat olunur, varlı cərrahi müdaxiləyə məruz qalır. Kasıbda xəstəlik irsi olur, varlıda genetik. Əslində, xəstəlik eynidir, sadəcə birinin adı bir az daha savadlı səslənir. Hətta, yuyunmaq da sinfi məsələ halına gəlib. Belə ki, kasıb yuyunur, varlı duş qəbul edir. Kasıbın bədəni təmizlənir, varlı isə özünə qulluq edir.
Ailə vəziyyəti də fərqli təqdim olunur. Kasıb çəkişmə ilə boşanır, varlı qarşılıqlı razılaşma əsasında yollarını ayırır. Birində qab-qacaq göydə uçuşur, o birində vəkillər sənəd imzalayır. Məhkəmə məsələsində də sözlər dəyişir. Kasıba qarşı iş açılır, varlı haqqında ittiham aktı hazırlanır. Elə bil biri cinayət törədib, o biri hüquq fakültəsini bitirib. Ən böyük fərq isə ölümdə üzə çıxır. Kasıb ölür, varlı həyata vida edir. Sanki biri sadəcə öldü, o biri isə mətbuat konfransı keçirib vida etdi. Amma bütün bu söz oyunlarının sonunda bir həqiqət qalır: varlı da yorulur, kasıb da. Varlı da xəstələnir, kasıb da. Varlı da sevir, kasıb da. Hər ikisinin ürəyi sınır, hər ikisi də sevinir və nə qədər pulun olursa olsun, həyatın bəzi məsələlərində heç bir güzəşt yoxdur. Əsas odur ki, cibimiz boş olanda da yumor hissimiz boş qalmasın.
Ürfət Mirzəyev