KƏŞ ölkələri Körfəzdə kollektiv müdafiə mexanizmlərini gücləndirir
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin Küveytdə Vahid Hərbi Komandanlığın qabaqcıl qərargahını yaratmaq qərarı Yaxın Şərqdə regional təhlükəsizlik baxımından yeni mərhələnin başlanğıcı hesab olunur. Bu addım Körfəz dövlətlərinin müdafiə imkanlarını əlaqələndirmək, mümkün hərbi təhdidlərə operativ cavab vermək və kollektiv təhlükəsizlik mexanizmlərini gücləndirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı İnformator.aza açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, KƏŞ-in vahid hərbi komandanlığı 2013-cü ildən mövcud olsa da, Küveytdə əlavə operativ qərargahın yaradılması hərbi əməkdaşlığın daha praktik və koordinasiyalı müstəviyə keçməsi deməkdir.
Onun sözlərinə görə, əsas məqsəd üzv dövlətlərin müdafiə imkanlarını vahid təhlükəsizlik mexanizmi çərçivəsində birləşdirmək, mümkün təhdidlərə operativ reaksiya vermək və xarici hərbi təminatlardan asılılığı müəyyən qədər azaltmaqdır. Xüsusilə İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar, Hörmüz boğazında yaranan təhlükəsizlik problemləri və enerji infrastrukturlarına yönələn risklər Körfəz ölkələrini kollektiv müdafiəni gücləndirməyə sövq edir.
Politoloq İran amilinin bu qərarda xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, altı Körfəz dövlətinin müdafiə koordinasiyasını gücləndirməsi Tehran qarşısında daha mütəşəkkil təhlükəsizlik blokunun formalaşması perspektivini yaradır. Bu, İranın region ölkələrinə münasibətdə hərbi-siyasi manevr imkanlarını məhdudlaşdıra və çəkindirmə strategiyasının effektivliyinə təsir göstərə bilər. Z.Qarayevanın fikrincə, Küveytin İran və İraq istiqamətindən yarana biləcək təhlükələrə yaxın coğrafi mövqeyi də qərargahın strateji əhəmiyyətini artırır. Bununla belə, hazırda söhbət vahid ordunun yaradılmasından deyil, mövcud komandanlıq çərçivəsində hərbi inteqrasiyanın dərinləşdirilməsindən gedir.
Fatimə Hüseynova