00:00:00
Yazar
Admin User
29.12.2025 18:37 146 3 dəq oxuma
Sosial

Küçə musiqisi

Küçə musiqisi

Küçə musiqisi şəhərin həyatında önəmli yer tutan musiqi növüdür. Bu musiqi, şəhərin müxtəlif məkanlarında ifa olunur və insanların gündəlik həyatına birbaşa təsir edir. Bəs sakinlər küçə musiqisinə necə reaksiya verirlər? Küçə ifaçılarının qarşılaşdıqları əsas çətinliklər nələrdir?

 

Mövzu ilə əlaqədar “İnformator.az” saytı olaraq şəhər sakinlərinin və küçə ifaçısının fikrini öyrəndik.

 

 

Saytımıza danışan şəhər sakini Məryəm Şərifova bildirib ki, küçə musiqisi şəhərə xüsusi rəng qatır:

 

“Bəzən sıxıcı, yorucu bir günüm olur, amma küçədən gələn musiqi səsi bütün yorğunluğumu yox edir. Küçə musiqisi şəhərə canlılıq qatır, insanların ruhunu oxşayır”.

 

Davamlı olaraq gərgin iş rejimi olan Ülviyyə Əliyeva qeyd edir ki, küçə musiqisi onun üçün günün stresindən uzaqlaşmaq və rahatlanmaq üçün bir vasitədir:

 

“Milli musiqilərin küçələrdə ifa olunması çox gözəl bir haldır, çünki bu, həm keçmişimizi yad etmək, həm də mədəni dəyərlərimizi yaşatmaqdır. Küçə musiqisi vasitəsilə biz tariximizi və ənənələrimizi gündəlik həyatımıza daxil edirik”.

 

Bakının mərkəzində küçə musiqisini yaşadanlardan biri də kamança ifaçısı Rəhim Həsənovdur. “Niyə səhnə yox, məhz küçə?” sualına o belə cavab verdi:

 

“Səhnədə çox vaxt istədiyin dəyəri və "yaxşı" qazancı tapmaq çətindir. Orada olmaqla kifayətlənmək olmur, musiqiçi həyatını musiqi ilə dolandırmalıdır. Küçə isə ona həm azadlıq verir, həm də insanlarla birbaşa əlaqə yaratmaq, duyğunu birbaşa paylaşmaq imkanı. Buna görə də, küçə musiqisi səhnədən fərqli olaraq həm ruhu, həm də dolanışıqlı həyatı yaşadır”.

 

İfaçı ifa edərkən musiqiyə fokuslandığını bildirib:

 

“İnsanların reaksiyaları isə çox müxtəlif olur. Bəzən onlar musiqini hiss edir, ürəkdən təşəkkür edir, hətta dayanıb dinləyirlər. Bu anlar mənim üçün çox dəyərlidir, çünki musiqim insanlara toxunur. Amma təəssüf ki, hər zaman belə olmur. Bəzən də diqqətsiz, düşüncəsiz insanlarla qarşılaşıram, musiqiyə laqeyd yanaşanlar olur, ya da sadəcə keçib gedirlər. İnsanların fikirləri və münasibətləri müxtəlif olduğundan, mən sadəcə öz işimə, musiqiyə fokuslanıram və ürəyimdən gələn səsi çatdırmağa çalışıram. Küçə musiqisi elə bir sənət növüdür ki, burada həm sevgi, həm də laqeydlik bir arada olur, amma hər halda, musiqi ilə yaşamaq, insanlarla birbaşa ünsiyyət qurmaq mənim üçün ən vacibidir”.

 

O, küçədə ifa edərkən müxtəlif çətinliklərlə qarşılaşdığını söyləyir:

 

“Küçədə ifa etməyin çoxsaylı çətinlikləri var. Ən başlıca problemlərdən biri hava şəraitidir. Bundan başqa, bəzən savadsız və ya musiqiyə laqeyd yanaşan insanların baxışları da ruhdan sala bilər. Yorğunluq da başqa bir çətinlikdir. Mən əsasən xalq musiqilərini ifa edirəm. Bu, bəzən mənim ifamın bəzilərinin zövqünə uyğun gəlməməsi ilə nəticələnir ki, bu da məni təəccübləndirir və düşündürür. Amma eyni zamanda küçədə xalq musiqisini sevən, dəyər verən çoxsaylı insanlarla da qarşılaşıram. Bütün bu çətinliklərə baxmayaraq, sənətimə böyük sevgi ilə bağlıyam. Axı hər peşənin öz çətinliyi var və musiqi ilə yaşamaq mənim üçün həm də həyat tərzidir”.

 

 

Bəli, havanın soyuq olmasına baxmayaraq, Rəhim Həsənov kimi ifaçıların sədaları havanı isindirir, küçələrə can verir.

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər