00:00:00
Yazar
Admin User
06.02.2026 18:11 50 2 dəq oxuma
Sosial

Küləkli havada dəyən zərər

Küləkli havada dəyən zərər

Güclü külək nəticəsində uçan ağaclar, qopan dam örtükləri və reklam lövhələri bir çox vətəndaşa maddi zərər vurub. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri yalnız kasko sığortası qarşılayır:

 

"Küləkli havalarda sürücülər ən çox avtomobilə dəyən zərərlərlə bağlı sığorta məsələlərini qarışdırırlar. Qeyd edim ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yalnız avtomobil sahibinin qarşı tərəfə vurduğu zərərləri qarşılayır. Yəni bu sığorta avtomobilin özünə dəyən zərərlərə təminat vermir.

 

Təbii fəlakət hallarında güclü külək, dolu, tufan, fırtına və oxşar hadisələr zamanı avtomobilə dəyən zərərlər yalnız kasko sığortası olduqda ödənilir. Belə hallarda sürücü birbaşa sığorta şirkətinə müraciət etməlidir.

 

Təbii fəlakət anlayışı Hidrometeorologiya Xidmətinin verdiyi rəsmi rəyə əsasən müəyyən edilir. Əgər həmin vaxt və ərazi üzrə güclü külək, dolu, normadan artıq yağıntı və ya fırtına ilə bağlı rəsmi rəy varsa, bu hadisə təbii fəlakət kimi qiymətləndirilir və kasko sığortası çərçivəsində təminat altına düşür.

 

Əgər avtomobilin kasko sığortası yoxdursa və reklam lövhəsi, dam örtüyü və ya binanın fasadından qopan hər hansı əşya avtomobilə zərər vurarsa, zərərçəkən şəxs həmin quruma müraciət edə bilər. Müraciət nəticəsiz qalarsa, məsələ məhkəmə qaydasında mübahisələndirilə bilər.

 

Bu cür problemlərlə üzləşməmək üçün sürücülərə avtomobillərini kasko sığortası etdirmələri tövsiyə olunur. Kasko sığortası alarkən müqavilədə külək, tufan, dolu, fırtına və digər təbii hadisələrin ayrıca və açıq şəkildə qeyd olunmasına diqqət yetirilməlidir. Çünki bəzi hallarda Hidrometeorologiya Xidməti hadisəni təbii fəlakət kimi qiymətləndirməzsə, sığorta şirkəti müqavilə şərtlərinə əsasən ödənişdən imtina edə bilər. Lakin müqavilədə avtomobilin üzərinə düşən əşyalar, dolu, güclü yağış, tufan və oxşar hallar ayrıca göstərilibsə, bu risklər kasko sığortası çərçivəsində təminat altına alınır. Bu zaman sığorta şirkəti müvafiq rəsmi rəyə əsaslanaraq avtomobilə dəyən zərərləri qarşılayır. Ona görə də, sürücülər sığorta müqaviləsini diqqətlə oxumalı və bu hallar üzrə təminatın mövcud olduğundan əmin olmalıdırlar".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər