00:00:00
Yazar
Asiman Vəliyeva
02.03.2026 16:36 157 2 dəq oxuma
Siyasət

Kanada vətəndaşlarının İrandan Azərbaycan üzərindən təxliyəsi müzakirə olunub

Kanada vətəndaşlarının İrandan Azərbaycan üzərindən təxliyəsi müzakirə olunub

Kanada vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə İrandan təxliyəsi məsələsi müzakirə olunub. Məsələ regional təhlükəsizlik fonunda dövlətlərarası əməkdaşlıq və Azərbaycanın tranzit ölkə kimi rolu baxımından diqqət çəkir. Ekspertlər bu addımı həm humanitar, həm də diplomatik müstəvidə əhəmiyyətli qiymətləndirirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində politoloq Rəşad Bayramov bildirir ki, Kanada vətəndaşlarının İrandan Azərbaycana tranzit vasitəsilə təxliyəsi sadəcə humanitar yardım əməliyyatı deyil, bu eyni zamanda özündə regional və qlobal siyasət kontekstində geosiyasi və diplomatik mesajlar daşıyır:


“ İlk növbədə, bu addım Azərbaycanın tranzit ölkə kimi strateji rolunu ön plana çıxarır. Azərbaycan Yaxın Şərq və Cənubi Qafqaz arasında körpü funksiyası yerinə yetirir və müxtəlif dövlətlər üçün etibarlı keçid marşrutu təqdim edə bilir. Kanada vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxarılması Azərbaycanın infrastruktur və təhlükəsizlik sistemlərinin etibarlılığını göstərir. Bu, həm də regiondakı digər aktorlara mesaj verir ki, Azərbaycan beynəlxalq humanitar əməliyyatlarda əməkdaşlığa açıqdır və nüfuzlu tərəf kimi çıxış edə bilir.
Digər tərəfdən, bu təxliyə humanitar və diplomatik dividendlər yarada bilər. Azərbaycan dövlət orqanlarının koordinasiyalı fəaliyyəti, hava və sərhəd təhlükəsizliyinin təmin edilməsi, həmçinin qısa müddətdə əməliyyatın həyata keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu, Azərbaycan gələcəkdə diplomatik güc və etibar kapitalı qazandırır. Məsələn, Kanada və digər Qərb ölkələri ilə təhlükəsizlik, tranzit və humanitar əməkdaşlıq sahələrində yeni təşəbbüslər üçün zəmin yarana bilər. Bu da Azərbaycanın regional oyunçu kimi rolunu gücləndirir və onun çoxtərəfli diplomatiya imkanlarını artırır".


Ekspertin sözlərinə görə bu hadisə eyni zamanda Kanada–İran münasibətlərində yeni mərhələnin göstəricisi kimi də qiymətləndirilə bilər:

 

"Təxliyə əməliyyatı bir tərəfdən  İrana qarşı sərt mövqe və sanksiyalar fonunda humanitar dialoqun mümkünlüyünü nümayiş etdirir. Digər tərəfdən, Kanada üçün bu vətəndaşlarının təhlükəsizliyini təmin etmək strategiyasının reallaşdırılmasıdır. Yəni bu addım İrana qarşı qarşılıqlı etimadın tam bərpa olunmadığı, lakin humanitar və tranzit sahələrində praktik əməkdaşlığın mümkün olduğunu göstərir.
Bundan əlavə, əməliyyatın həyata keçirilməsi regional təhlükəsizlik və sabitlik mesajı verir. Əgər regional dövlətlər bu tip əməliyyatlarda koordinasiyalı fəaliyyət göstərə bilirsə, potensial böhranların idarə olunması, qaçqın axını və digər humanitar risklər daha effektiv şəkildə həll edilə bilər. Azərbaycan bu nümunə ilə həm qonşu ölkələr, həm də qlobal aktorlar üçün təhlükəsiz tranzit və koordinasiya imkanlarını nümayiş etdirir.
Beləliklə, bu təxliyə əməliyyatı yalnız humanitar fəaliyyət deyil, həm regional, həm də qlobal siyasət üçün əhəmiyyətli simvolik və praktiki nəticələr yaradır. Azərbaycan üçün isə bu hadisə həm tranzit rolu, həm diplomatik etibar, həm də çoxtərəfli siyasət imkanlarını genişləndirmək baxımından mühüm addım kimi qiymətləndirilə bilər”.

 

Ədilə Hüseynzadə

#təxliyəsi #i̇randan #kanada #vətəndaşlarının
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər