Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında bəyannamə imzalayıb.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu, təqribən, tərəflərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün bir mərhələdir:
“Kanada və Ukrayna artıq xeyli vaxtdır əməkdaşlıq edirlər. 2024-cü ildə də onlar arasında bir sənəd imzalanıb. Eyni zamanda, təqribən belə bir sənəd strateji tərəfdaşlıqla bağlı Ukrayna və Böyük Britaniya arasında da imzalanıb. İndisə, Kanada ilə Ukrayna arasında imzalanan sənəd bir sıra məsələləri əhatə edir. Burada, əlbəttə, hər bir sahədə əməkdaşlıq, eyni zamanda mədəni sahədə, müharibədən sonra Ukraynanın bərpa olunması, Ukraynanın müdafiəsi, Ukraynaya dron və antidron sistemlərinin verilməsi, Ukraynaya hərbi dəstəyin göstərilməsi, kəşfiyyat sahəsində yardım, eyni zamanda Ukraynaya gələcək investisiyaların cəlb olunması, onun kənd təsərrüfatının inkişafı və s. məsələlər öz əksini tapıb. Yəni bir çox sahəni əhatə edir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, indiki şəraitdə sənədin imzalanması, əlbəttə, iki il öncə başlayan Rusiya-Ukrayna savaşına bir növ mesajdır:
“Bu, həm də Rusiyaya qarşı Kanadanın Ukraynanı dəstəkləyəcəyinə bir işarədir. Əlbəttə, Kanadanın Ukraynanı dəstəkləməsi onun uğrunda savaşması anlamını vermir. Amma bütün hallarda Ukrayna ilə Kanadanın yaxından əməkdaşlıq etməsini ehtiva edir. Kanada Ukraynanın müdafiəsində, eyni zamanda onun gələcək inkişafında və bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərində öz iradəsini ortaya qoyur. Bu, Rusiya tərəfinə bir mesajdır. Yəni Kanada hər zaman Ukraynanın yanında olacaq və onu dəstəkləyəcək”.
Güllər Gülhüseynova