"Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb" - ŞƏRH
Kanada və Ukrayna arasında hava hücumundan müdafiə (HHM) raketlərinin tədarükü ilə bağlı razılaşma əldə olunub.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, NATO ölkələri başa düşür ki, Rusiya qalib gəlsə, bu, onların hər biri üçün pis nəticə verəcək:
“Kimisi açıq və güclü Ukraynaya dəstək verir, kimisi isə bunu bir az təmkinlə edir. Çalışırlar ki, Rusiya qalib gəlməsin. Sanki müharibənin uzanmasında maraqlıdırlar və düşünürlər ki, müharibə uzandıqca Rusiya heydən düşəcək və onların üzərinə gələ bilməyəcək”.
Siyasi şərhçinin sözlərinə görə, NATO ölkələri, Kanada kimi ölkələr Ukraynaya açıq və davamlı dəstək verməlidirlər ki, Rusiyanın burnu birdəfəlik "ovulsun" və o, bir daha təcavüzkarlığa meyl etməsin:
“Bu, digər NATO ölkələri üçün də əlavə stimul rolunu oynaya bilər. Rusiyanın buna reaksiyasına gəlincə, təbiidir, Rusiya narahatdır. Kanada hər halda özünün iqtisadi imkanlarına, ərazi genişliyinə görə inkişaf etmiş dövlətlərdən biridir. Təbiidir ki, onun bu addımı NATO üzvü olan və ya olmayan dövlətlər üçün də əlavə stimul rolunu oynaya biləcək”.
Selcan Xudiyeva