00:00:00
Yazar
Admin User
22.11.2025 12:44 229 2 dəq oxuma
Mədəniyyət

Keçmişin sözünü bu günün nəfəsi ilə danışan səhnə

Keçmişin sözünü bu günün nəfəsi ilə danışan səhnə

Müasir teatrın ən böyük gücü keçmişin sözünü bu günün nəfəsi ilə danışdırmaq bacarığıdır. Klassik ədəbiyyat əsrlərdən gələn hikməti, insan təbiətinin dəyişməyən tərəflərini daşıyır. Teatr isə həmin hikməti yeni forma və yeni nəfəs ilə yenidən cəmiyyətə təqdim edir. Bugün səhnələrimizdə Füzulinin kədəri, Cəlil Məmmədquluzadənin gülüşündə gizlənən dərd, Mirzə Fətəlinin düşündürücü satirası yenidən canlanır. Bəs niyə bu qədər əsr sonra biz yenə klassiklərə qayıdırıq? Bəlkə də səbəb odur ki, insanın iç dünyası dəyişmir, dəyişən yalnız onun səhnədəki ifadəsidir.

 

"İnformator.az"a açıqlamasında rejissor Fuad Cavadzadə klassik ədəbiyyatı teatrın bünövrəs adlandırıb.

 

"Bir az əvvələ qayıtsaq, antik Yunanıstandan Şekspirə, Molyerdən Mirzə Fətəli Axundzadəyə qədər klassiklər teatr üçün əsas lazım ola biləcək struktur, bədii dil, insan obrazlarının dərin psixoloji təhlili kimi elementləri yazıb, yaradıb, formalaşdırıb günümüzə ötürüblər. Müasir dramaturqlar da onların yaratdığı o məzmun skeleti üzərindən hərəkətə keçərək ifadə formalarını yaradırlar".

 

Teatrşünas Dağlar Yusif isə rejissorların daha çox klassikaya üz tutmalarını müasir ədəbiyyatın zəngin olmaması ilə əlaqələndirib. Əlavə edib ki, Azərbaycan teatrında klassikanın daha çox üstünlük təşkil etməsinin əsas səbəblərindən biri müasir dramaturgiyanın olmaması və yaxud daha zəif olmasıdır.

 

"Yəni müasir dramaturgiya klassikanı üstələyə bilmədiyi üçün Azərbaycan rejissorları daha çox bu əsərlərə müraciət etməyə üstünlük verirlər".


Dramaturq Ülviyyə Heydərova isə İnformator az.a açıqlamasında yeni səhnə əsərlərinin yaranmamasının əsas səbəblərindən biri kimi gənc yazıçılarla rejissorlar arasında əlaqənin zəif olmasını göstərib. Bildirib ki, demək olmaz ki, heç bir teatrda gənclərə yer verilmir. Bu belə deyil, yer verilsə də, kifayət qədər deyil.

 

"Gənc dramaturqların teatrdan uzaqda qalmasının səbəbi rejissorlarla dramaturqların bağlarının tam da olmamasıdır". 

 

Teatrşünas Dağlar Yusifin fikrincə, tamaşaçıların müasir dramaturgiyanı qəbul etmələri üçün zaman lazımdır. Klassika daha çox oxunduğuna görə, tamaşaçılar üçün klassikanın səhnələşdirilməsi daha məqsədə uyğundur. Səhnədə yenidən doğulan hər bir klassik əsər bizə göstərir ki, zaman dəyişir, texnologiya dəyişir, amma insanın duyğuları, sualları, axtarışları eyni qalır. Müasir teatr da məhz bu körpünü qurur, dünənin sözünü bu günün dili ilə danışdırır. Seçim isə həm yaradıcıların, həm də tamaşaçıların əlindədir: klassikanın dərinliyinə yenidən enmək, yoxsa yeni sözə yol açmaq. Amma bir həqiqət dəyişmir: teatr yaşadığı müddətcə klassika da yaşayacaq.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər