Keir Starmer:İrandakı müharibə britaniyalıların gündəlik vərdişlərini dəyişə bilər
Böyük Britaniyanın Baş naziri Keir Starmer Yaxın Şərqdə, xüsusilə, İran ətrafında davam edən gərginliyin təkcə regionla məhdudlaşmadığını, qlobal iqtisadiyyata da ciddi təsir göstərdiyini bildirib. O, Sky News telekanalına müsahibəsində vurğulayıb ki, Hörmüz boğazı kimi strateji ərazilərdə vəziyyət sabitləşsə belə, Böyük Britaniyada iqtisadi çətinliklər dərhal aradan qalxmayacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, İran və Birləşmiş Ştatlar arasında davam edən hərbi gərginlik özünün mənfi təsirlərini gün keçdikcə daha da artırır:
“Eskalasiyadan dolayı artıq qlobal arenada mürəkkəb və bir o qədər riskli dinamika formalaşıb. Təbii ki, hazırda proseslərin düyün nöqtəsi məhz Hörmüz boğazı ilə bağlıdır. Dünya enerji ticarətinin əsas arteriyalarından hesab edilən Hörmüzdə yüklərin keçidi faktiki olaraq iflic olmuş vəziyyətdədir. Bu məsələ də istər İranın, istərsə də Birləşmiş Ştatların yanaşması proseslə əlaqədar indiki halda müsbət irəliləyişlərin olması ehtimalını zəiflədir. Bu isə sözügedən maşurt üzrə enerji idxal edən dövlətlər üçün risk faktorunu qabardır. Artıq Asiya və Avropa ölkələrinin, xüsusilə, böyük dövlətlərin ehtiyatları sürətlə tükənir. Özünün təhlükəsizlik yastığı tədricən minimallaşan ölkələrdən biri də Böyük Britaniyadır. Birləşmiş Krallığın Baş naziri Keir Starmerin situasiya fonunda növbəti dəfə narahatlıqlarını ifadə etməsi vəziyyətin ciddiliyinin göstəricisidir. Rəsmi London neft ehtiyacının böyük hissəsini məhz idxal hesabına təmin edir və enerji idxalının azalması dərhal qiymət artımında özünü əks etdirir. Proses təkcə qiymət artımı ilə məhdudlaşmır. Ümumiyyətlə, təchizat zəncirində gecikmələr, kəmiyyət azalması və bunun fonunda iqtisadi gerilik yaranır. Bu isə ilk növbədə vətəndaşlar qarşısında Keir Starmer hakimiyyətinin işini çətinləşdirir. Paralel olaraq strateji maraqlar müstəvisinə baxdıqca Böyük Britaniya Yaxın Şərqdə radikal dəyişikliklərin tərəfdarı deyil. Çünki regionun siyasi xəritəsin sonuncu dəfə məhz onlar tərtib edib. Bu səbəbdən London iştirak etmədiyi hər hansı bir arxitektura dəyişiklikliyinə isti yanaşmır”.
Gövhər Mehyəddinova