Kibercinayətkarların hədəfində yeniyetmələr: Virtual təhlükələrdən necə qorunmalı?
İnternet və sosial şəbəkələr yeniyetmələrin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar təhsil almaq, ünsiyyət qurmaq və əylənmək üçün rəqəmsal platformalardan geniş istifadə edirlər. Lakin bu imkanlarla yanaşı, müxtəlif təhlükələr də mövcuddur. Kibercinayətkarlar saxta profillər, onlayn oyunlar, fişinq mesajları və digər üsullarla yeniyetmələri hədəf alaraq onların şəxsi məlumatlarını ələ keçirməyə və ya maddi zərər vurmağa çalışırlar. Bəs yeniyetmələr internetdə hansı risklərlə qarşılaşırlar və bu təhlükələrdən necə qorunmaq olar?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında IT eksperti Elvin Həsənov bildirib ki, əvvəllər valideynlər uşaqlarını küçədəki təhlükələrdən qorumağa çalışırdılar, bu gün isə həmin təhlükələrin bir hissəsi artıq telefonun və kompüterin içindədir:
“Maraqlıdır ki, kibercinayətkarlar yeniyetmələri hədəf seçərkən onların texnologiyanı yaxşı bilməsinə yox, emosiyalarına güvənirlər. Ən çox istifadə olunan üsullardan biri saxta profillərdir. Dələduzlar özlərini həmyaşıd, məşhur bloqer, oyunçu və ya maraqlı bir şəxs kimi təqdim edərək yeniyetmələrlə ünsiyyət qururlar. Bir müddət sonra isə şəxsi məlumatlar, şəkillər və ya müxtəlif hesabların giriş məlumatları tələb edilə bilər. Digər geniş yayılmış üsul isə onlayn oyunlar vasitəsilə həyata keçirilir. Məsələn pulsuz oyun valyutası, bonus, hədiyyə və ya premium hesab vədi ilə uşaqlar fişinq linklərinə yönləndirilə bilir. Yeniyetmələrin də qarşılaşdığı əsas təhlükələr arasında şəxsi məlumatların oğurlanması, hesabların ələ keçirilməsi, kibertəqib, fişinq hücumları və onlayn manipulyasiya halları xüsusi yer alır. Təəssüf ki, bəzi hallarda uşaqlar paylaşdıqları məlumatların gələcəkdə onlara necə təsir göstərə biləcəyini düşünmürlər. Halbuki bir şəkil, bir video və ya şəxsi məlumat sonradan müxtəlif məqsədlərlə istifadə oluna bilər. Sosial şəbəkələrdə saxta hesabları müəyyən etmək üçün bir neçə vacib əlamətə diqqət etmək lazımdır. Adətən belə hesabların paylaşımı az olur, dost və izləyici siyahısında qeyri-adi uyğunsuzluqlar görünür, profil şəkilləri internetdən götürülmüş ola bilir və çox qısa müddətdə şəxsi məlumat toplamağa çalışırlar. Həmçinin tanımadığınız şəxsin sizə həddindən artıq maraq göstərməsi və ya qısa zamanda başqa platformaya keçməyi təklif etməsi də risk siqnalı hesab oluna bilər. Valideynlər üçün ən vacib məsələ isə qadağa yox, ünsiyyətdir. Çünki uşaq hər hansı problemlə qarşılaşdıqda bunu valideynindən gizlətməməlidir. Əgər uşaq bilsə ki, ona görə danlanmayacaq əksinə kömək alacaq o zaman yarana biləcək risklərin böyük hissəsinin qarşısını almaq mümkün olacaq”.
Banuçiçək Məmmədova