Kibermüharibə və informasiya təhlükəsizliyi
Müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə yanaşı, kiberməkanda təhlükəsizlik məsələləri də qlobal səviyyədə ən ciddi çağırışlardan birinə çevrilib.
Mövzu ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov “İnformator.az”a bildirib ki, son illərdə bütün dünyada kibercinayətlər və informasiya hücumları artmaqda davam edir:
“Bu istiqamətdə hərbi və strateji obyektlərin qorunması üçün Azərbaycan dövləti olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Ölkəmiz mürəkkəb və həssas bir regionda yerləşir, böyük dövlətlərin maraq dairəsinə daxildir. Uzun illər müharibə şəraitində yaşamamıza baxmayaraq, həm gözlənilən, həm də gözlənilməyən hücumlara qarşı daim hazır olmuşuq. Strateji hərbi obyektlərin qorunması məqsədilə ordumuzda xüsusi qurumlar fəaliyyət göstərir və bu qurumlar potensial təhlükələrin vaxtında qarşısını almağa qadirdir”.
Ekspertin sözlərinə görə, Azərbaycan regional və qlobal səviyyədə baş verən kibermüharibə risklərinə qarşı sabit müdafiə strategiyasına malikdir:
“Regional və beynəlxalq səviyyədə kibertəhdidlər artsa da, mən inanıram ki, bu, ölkəmizin hərbi strategiyasına ciddi təsir göstərə bilməz. Bu istiqamətdə təkcə Müdafiə Nazirliyi deyil, digər aidiyyəti dövlət qurumları da fəal şəkildə mübarizə aparır. Azərbaycanın müdafiə qabiliyyəti hər il daha da güclənir. Bəzi dövlətlər bu inkişafdan narahat olsa da, biz öz təhlükəsizlik strategiyamızı ardıcıl şəkildə həyata keçiririk. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr kiberməkanda aparılan mübarizənin nə qədər vacib olduğunu bir daha göstərib. Ukrayna-Rusiya, eləcə də İsrail-İran müharibələri zamanı kiberməkanda aparılan hücumların təsirini açıq şəkildə gördük. Bu təcrübə göstərib ki, müasir dövrdə döyüşlər yalnız cəbhədə deyil, informasiya məkanında da gedir. Lakin qürurla qeyd edə bilərəm ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan bu sahədə bütün tədbirlərini uğurla həyata keçirib. Bizə qarşı yönələn kiberhücumların və informasiya təxribatlarının qarşısı vaxtında alınıb, bu da ordumuzun döyüş qabiliyyətinə heç bir mənfi təsir göstərmir. Kibermüharibənin dinamikası daim dəyişdiyi üçün hər zaman ayıq-sayıqlıq və texnoloji hazırlıq vacibdir. Gələcəkdə də bu istiqamətdə mütəmadi tədbirlər görüləcək. İnformasiya təhlükəsizliyinin qorunması dövlətin müdafiə qabiliyyətinin ayrılmaz tərkib hissəsidir və bu sahədə diqqətli olmaq hər birimizin borcudur”.
Fatimə Hüseynli
