Kibertəhlükəsizlikdə yeni çağırışlar: Süni intellekt riskləri artırır
İyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək. Forumda dövlət qurumları, şirkətlər və beynəlxalq mütəxəssislər kibertəhlükəsizlik, süni intellekt və yeni kiber təhdidləri müzakirə edəcəklər. Tədbir çərçivəsində sərgi də təşkil olunacaq.
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik sahəsində yeni imkanlar yaratsa da, kibercinayətkarlara deepfake, inandırıcı fişinq və avtomatlaşdırılmış üsullarla daha sürətli, hədəfli və fərdiləşdirilmiş hücumlar etmək imkanı qazandırıb.
“Süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik sahəsinə həm yeni imkanlar, həm də yeni risklər gətirib. Əvvəllər kibercinayətkarlar daha sadə üsullardan istifadə edirdisə, indi AI texnologiyası hücumları daha sürətli, daha doğru və daha hədəfli edir. Məsələn, artıq süni intellekt vasitəsilə real insan səsini təqlid edən saxta zənglər, deepfake videolar, daha inandırıcı fişinq mesajları və avtomatlaşdırılmış hücum ssenariləri yaratmaq mümkündür. Ən böyük dəyişiklik isə hücumların artıq kütləvi yox, fərdiləşdirilmiş xarakter almasıdır”.
Mütəxəssis qeyd edib ki, Azərbaycanın kibertəhdidlərə qarşı müdafiəsini gücləndirmək üçün texniki sistemlərlə yanaşı, infrastruktur, kadr hazırlığı və maarifləndirmə də paralel inkişaf etməlidir.
“Azərbaycanın bu təhdidlərə qarşı hazırlaşması üçün yalnız texniki sistemləri gücləndirmək kifayət etmir. Burada paralel şəkildə kibertəhlükəsizlik infrastrukturu, insan resursları və maarifləndirmə inkişaf etməlidir. Dövlət sistemlərinin davamlı təhlükəsizlik auditindən keçməsi, süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi, kibertəhlükəsizlik üzrə peşəkar kadrların hazırlanması və əməkdaşların mütəmadi təlimlərə cəlb olunması vacib addımlardır. Çünki bir çox halda hücumlar sistemdəki texniki boşluqdan yox, insan faktorundan başlayır”.
Elvin Həsənov bildirib ki, kibertəhlükələr dövlət və ya şirkət sərhədi tanımadığı üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, məlumat mübadiləsi, ortaq təhlükəsizlik standartları və koordinasiyalı yanaşma çox vacibdir.
“Dövlət və özəl sektor arasında əməkdaşlıq məsələsi də çox vacibdir. Kibertəhlükələr dövlət və ya şirkət sərhədi tanımır. Bir şirkətdə yaranan təhlükə zəncirvari şəkildə başqa sistemlərə də təsir göstərə bilər. Buna görə məlumat mübadiləsi, ortaq təhlükəsizlik standartlarının tətbiqi, birgə təlimlər və insidentlərə qarşı koordinasiyalı yanaşma vacibdir. Belə forumların əsas dəyəri də məhz burada ortaya çıxır. Forumlar dövlət qurumlarını, özəl sektoru və beynəlxalq ekspertləri bir platformada bir araya gətirərək təcrübə mübadiləsinə və yeni yanaşmaların formalaşmasına imkan yaradır”.
Aydan Əsgərxanlı