Vətəndaşlara yol polisinin adından saxta mesajlar göndərilir
Son günlər dələduzlar bəzi vətəndaşlara “Sizin adınıza ödənilməyən yol hərəkəti qaydası pozuntusu cəriməsi qeydə alınıb, son ödəmə müddəti bitmək üzrədir” məzmunlu saxta SMS-lər göndərirlər. Mesajlarda yerləşdirilən linklərə daxil olduqda kibercinayətkarlar vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, naməlum linklərə daxil olduqda bank kartı məlumatlarının oğurlanması, sosial şəbəkə və e-poçt hesablarının ələ keçirilməsi, telefona zərərli proqram yüklənməsi kimi ciddi risklər yarana bilər:
"Bəzi hallarda istifadəçi fərqində olmadan şəxsi məlumatlarını birbaşa kibercinayətkarlara təqdim edir. Rəsmi dövlət platformalarını əsasən domen ünvanına və təhlükəsizlik göstəricilərinə görə ayırd etmək mümkündür. Dövlət saytları adətən rəsmi “gov.az” domenindən istifadə edir. Linkdə əlavə simvollar, səhv yazılan adlar və ya şübhəli yönləndirmələr varsa, bu risk siqnalı hesab olunmalıdır.
Dələduzluq mesajı aldıqda həmin linkə daxil olmamaq, mesajı silmək, nömrəni bloklamaq və aidiyyəti qurumlara məlumat vermək vacibdir. Əgər istifadəçi linkə daxil olub məlumat paylaşmışsa, dərhal kartı bloklamalı, şifrələri dəyişməli və bankla əlaqə saxlamalıdır".
Səadət Əlizadə