Kibertəhlükəsizlik: insanların ən çox etdiyi təhlükəsizlik səhvləri
Müasir dövrdə texnologiya həyatımızın hər sahəsinə nüfuz edib və rəqəmsal dünyada təhlükəsizlik məsələsi getdikcə önəmli olur. İnsanlar tez-tez şəxsi məlumatların qorunmasında və internet təhlükəsizliyində səhvlər edirlər. Sadə şifrə istifadəsi, phishing hücumlarına etinasız yanaşmaq, proqram yeniliklərini ləng etmək və ya ictimai Wi-Fi şəbəkələrində diqqətsiz davranmaq kimi səhvlər ciddi risklər yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, kibertəhlükəsizlik problemləri bu gün sadəcə texniki məsələlər deyil insanların gündəlik vərdişləri, diqqətsiz davranışları və rəqəmsal savadlılıq səviyyəsi ilə birbaşa bağlıdır.
"Çox vaxt baş verən insidentlərin kökündə sistem xətası yox, istifadəçi səhvi dayanır. İnsanların ən çox etdiyi təhlükəsizlik səhvlərinin başında zəif şifrələrdən istifadə gəlir. Bir çoxları doğum tarixini, yaxın adamların adlarını və ya ən sadə ardıcıllıqları şifrə edir və bunu müxtəlif hesablarında təkrarlayır. Digər geniş yayılmış səhv isə fişinq linklərinə və saxta bildirişlərə inamdır. Yəni “Bankdan yazırıq”, “Kartınız bloklanıb”, “Uduş qazanmısınız” kimi mesajlara bir kliklə daxil olmaq insanların məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bundan başqa, proqram yeniləmələrini ləngitmək, naməlum mənbələrdən tətbiq yükləmək, ictimai Wi-Fi ilə bank əməliyyatı etmək də ən riskli davranışlar sırasındadır. Bu səhvlərin nəticələri real həyatda çox ciddi ola bilər. Son illər Azərbaycanda da həm bank kartlarından pul çıxarılması, həm sosial şəbəkə hesablarının oğurlanması, həm də şəxsi məlumatların yayılması halları artıb. Bir çox vətəndaş aldadıldığını yalnız pul hesabdan çıxandan sonra anlayır. Yəni bu, “virtual təhlükə” deyil birbaşa insanların maddi və mənəvi vəziyyətinə təsir edən real bir problemdir. Gələcəyə gəldikdə isə, deyə bilərəm ki kibertəhlükəsizlik daha da önəmli olacaq. Süni intellekt həm dələduzların, həm də təhlükəsizlik sistemlərinin əlində güclü alətə çevrilir. AI ilə hazırlanan saxta videolar, klonlanmış səslər, avtomatlaşdırılan fişinq hücumları arta bilər. Eyni zamanda, dövlət qurumları və şirkətlər süni intellektdən müdafiə məqsədilə istifadə etməyə artıq başlayıb".
Gövhər Mehyəddinova
