Kimlər təhsil krediti barədə imtina cavabı alır?
Təhsil kreditinə müraciət edən tələbələrin bir qismi müəyyən meyarlara cavab vermədikləri üçün müraciətlərinə imtina cavabı alır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az"a açıqlamasında bildirib ki, təhsil kreditlərinə çıxışın genişləndirilməsi üçün zamanla dəyişikliklər edilə bilər:
“Təhsil kreditlərində imtahandan kəsilmə əsasən qoyulan şərtlərə cavab verilməməkdən irəli gəlir. Belə olduğu halda, təbii ki, imtahanda nəticə əsas götürülür. Mövcud meyarlar tələbənin sosial vəziyyətini də nəzərə alır və kredit bu əsasla verilir. Hazırda tələbələrin iki əsas kredit götürmək imkanı var. Biri sosial təhsil kreditidir, digəri isə standart təhsil krediti. Sosial kredit, əsasən, həssas qrupa daxil olan tələbələrə şamil olunur. Standart kredit isə akademik göstəriciləri yüksək olan tələbələrə verilir. Bu sahədə boşluq olduğunu düşünmürəm.Tələbələrin imkanı yoxdursa, standart kredit vasitəsilə bu çatışmazlıq qismən aradan qalxır. Yəni sosial vəziyyəti uyğun gəlmirsə, digər meyarlara cavab verirsə, standart kredit ala bilər.Təhsil kreditlərinə çıxışın genişləndirilməsi üçün zamanla dəyişikliklər edilə bilər. Məsələn, yalnız bakalavr və ya magistr təhsili yox, həmçinin qısamüddətli və peşə təhsili alanlara da kreditin verilməsi mümkün ola bilər”.
Arzu Poladova
