Kişilərdə zaman keçdikcə “dəyərsizəm, yetərsizəm” duyğusu yaranmağa başlayır
Psixoloq, psixoterapevt Xanım Niftəliyeva "Millixəbər.az" saytında "Həkimlə Biz" rubrikasının qonağı olub, ailələrin dağılması səbəblərindən danışıb.
İnformator.az həmin müsahibəni təqdim edir.
Ailələrin dağılmasına nə səbəb olur?
Ailələrin dağılmasına ən çox yol açan gərəksiz saytlar, sosial şəbəkələr hətta efirlərimiz, nümayiş olunan verilişlərdir. Virtual aləmdə axı hər şey rahatdır, qadınlarımız izləyir, buradakı həyatı yaşamaq istəyirlər. Artıq yaşaya bilməyəndə ailədaxili münaqişələr, problemlər yaradırlar. Qeyd edim ki, Ədliyyə Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində mən bir qeydiyyat şöbəsində psixoloq kimi çalışıram. İndiyə kimi boşanmağa gələnlər 20-25-30 ilin ailələridir. Oğul, qız, nəvə ev... hər bir şəraitini yaradandan sonra bu qadınlar niyə boşanmağa meyl edir? Bu sual hər zaman məni düşündürür. Hər zaman belə qərara gəlirəm ki, bu problemi yaradan sosial şəbəkələrdir. Bizim mentalitetimizdən, dini əqidəmizdən, azərbaycançılığımızdan çıxıb Avropaya meylləndirən sosial şəbəkələrdir. Boşanan ailələrə səbəbini sual verdikdə deyir ki, anlaşa bilmirik, həyat yoldaşım məni anlamır. Ailəyə cavabımda bildirdim ki, bəs 30 ildir necə anlaşırdınız, indi bir neçə aydır anlaşa bilmirsiniz. Uzunmüddət birlikdə olan ailələrlə işləmək çox çətindir. Yeni qurulmuş ailələrin krizləri var. 3, 7 ildən bir kriz dövrü olur ki, o zaman müraciət edən ailələrdəki problemi psixoloji yardımla aradan qaldıra bilirik. Amma 30 ilin ailəsi ilə işləmək çətindir. Burada bəylərimizin də qüsuru olur. Çünki bəylər yaş artdıqca qısqanclıq krizinə girir, bu da onların özgüvəninin aşağı düşməsindən irəli gəlir.
Gənc cütlüklər ailə qurmadan öncə hansı profilaktiki işlər görülməlidir?
Çox istərdim ki, aidiyyəti qurumlar bununla əlaqədar layihələr həyata keçirsin. Evlənməyə hazırlaşan cütlüklərlə işləmək daha təsirli olar. Onlara ailə strukturu, ailə təməlinin nə olduğu ilə bağlı məlumat verilməlidir. Eyni zamanda hər hansı problemlə qarşılaşan zaman məhkəməyə, qeydiyyat şöbəsinə müraciət etməzdən əvvəl bir psixoloqdan yardım, məsləhət almağın zəruriliyi bildirilməlidir. Əvvəllər bizim nənə-babalarımızda boşanmalar çox az idi. Bu nədən qaynaqlanır? O zaman psixoloq, psixoterapevt yox idi, hətta psixoloji problemlər də yox idi. Hər elin bir ağsaqqalı var idi. Onun sözünün dəyəri var idi. İndi insanlar arasında dəyərlər itib. İnsanlar arasında davranış pozuntusu yaranıb ki, bu da psixoloji pozuntunun bir növüdür. İnsanlar super eqonu keçmək üzrədir. Hər kəs öz dediyini yeritmək, öz bildiyi işi həyata keçirməyə çalışır. Əvvəllər isə insanlar ailə quranda belə ağsaqqal məsləhətinə qulaq asırdı. Bu da özündən böyüyü dinləmək mədəniyyətindən irəli gəlirdi.
Təsadüfi qurulan ailələr bəzən sosial şəbəkədən istifadə edərək tanış olur və ailələrindən tələb edir ki, mütləq evlənməlidirlər.
Sosial şəbəkələrdə saxta profillər var. Əgər kimsə saxta hesab yaradırsa, o insanın həyatı da saxtadır, yalanlarla doludur. Sosial şəbəkələrdən təsadüf nəticəsində tanış olurlar bağlılıq yaranır. Artıq düşünürlər ki, arzuladığımız, xəyal etdiyimiz budur, bununla ailə qura bilərəm. Ailələrini razı salmağa çalışırlar. Bəzən isə tanış olan öz ailəsindən harada tanış olduqlarını gizlədir. Düşünməyin ki, mən sosial şəbəkələrin əleyhinəyəm. Mənim də hesablarım var və işimlə əlaqədar istifadə edirəm. Mən onlu öz ailəmə daxil etmirəm. Sosial şəbəkələrdə tanış olanların qurduğu ailənin dağılma riski daha böyükdür. Bir-birini tanımadan, xarakterini bilmədən gənclər monitor arxasında maskalanır, özünü başqa biri kimi göstərir. Gənclərə tövsiyə edirik ki, saxta profillərdən istifadə etməsinlər. Bu ani xoşbəxtlikdir.
Əvvəllər ailələrdə səbr, dözüm var idi. İndi isə yox. Ailələrin dağılmasında bunun rolu nə qədərdir?
Əvvəllər qadınlar düşünürdü ki, səhər duracam yemək bişirəcəm, 10 uşağa baxacam. Axşam evə gələndə həyat yoldaşıçı qarşılayacam. Onun qulluğunda durmalıyam. İndi texnologiya işimizi rahatlaşdırıb. Hər işimiz rahat edəndən sonra boşluq yaranır. Bu boşluğu seriallar, sosial şəbəkələr doldurur. Və başlayırlar oradakı azadlığı yaşamaq istəməyə. Avropalılar kimi yaşamaq istəyirlər, amma düşünmürlər ki, bizim özümüzün dəyərlərimiz, adətlərimiz var, bu gün boşanmaya müraciət edən ailələr zəmanət verə bilməz ki, sabah onun övladı boşanmayacaq.
Hansı davranış metodu ailələrdə mükəmməlliyi bərpa etməkdə, möhkəmləndirməkdə rol oynaya bilər?
Ailəni saxlayan 5 təməl bağ var. Birinci dostluq bağıdır. Bir qadınla kişi arasında güclü dostluq bağı olmalıdır. Necə ki, biz heç zaman icazə vermərik ki, kimsə dostlarımız haqqında pis danışsın. Ailədə də belə olmalıdır. Fədakarlıq bağı da olmalıdır. İndi təəssüf ki, bəziləri hansısa işi görərkən yatırım üçün edir. Sabah istədiklərini yoldaşı etməyəndə bunu dilə gətirirlər. Sonra şiddət, dava da buradan yaranır. İstəyirlər ki, sabah etdiklərinin qarşılığı verilsin. İndi elə bir dövrdür ki, qaynanalar da gəlinlə yaşamaq istəmir. Çünki hesab edirlər ki, artıq zəmanə dəyişib. İndiki gənclik müstəqilliyi azadlığı sevir. Əksər insanlar ayrı yaşayır ki, nə qədər uzaq olsa o qədər mehribançılıq olar.
Hansı kateqoriyadan olan ailələrin dağılma riski daha yüksəkdir?
Qeydiyyat şöbəsində boşanma üçün müxtəlif yaş kateqoriyasından olan insanlar müraciət edir. 20-30, hətta 81 yaşlı insan da boşanma üçün müraciət etmişdi. Övladları ailə qurduqdan, nəvə sahibi olduqdan sonra qadınlar özünə inamı, güvəni bərpa etmək istəyir. Bu isə kişilərdə qısqanclıq yaradır, hətta telefondan istifadə etməklərini istəmirlər. Bəylərdə yaşa dolduqca şiddət artmağa başlayır, burada cinsi münasibət də rol oynayır, onlar düşünür ki, qadın onu aldadar, xəyanət edir. İş yerinə getməklərinin hətta öz övladının evinə getməyini istəmir. Bəylərdə artıq dəyərsizəm, yetərsizəm duyğusu rol oynamağa başlayır. Boşanmağa müraciət edən ailələrə deyirəm ki, bununla qarşı tərəfə şans verirsiniz. Əsl ailə odur ki, tutduğu əli buraxmasın.
