Kitab oxuma vərdişlərinin gənclər arasında azalması
Son illərdə gənclər arasında kitab oxuma vərdişi nəzərəçarpacaq dərəcədə azalıb. Sosial şəbəkələr və rəqəmsal texnologiyalar gənclərin vaxtını daha çox alır, nəticədə kitab oxuma marağı zəifləyir.
Mövzu ilə bağlı "İnformator.az" saytına açıqlamasında psixoloq Aynur İsgəndərova bildirib ki, kitab oxumağı vərdiş halına salmağın müxtəlif yolları var:
"Artıq informasiya əldə etmək əvvəlki illərə nisbətən daha asandır. Müəyyən axtarış platformalarının köməyi ilə istənilən məlumatı əldə edə bilərik. Nəyinki informasiya, həmçinin xeyli sayda onlayn kurslar var ki, onlayn şəkildə ödəniş edib sertifikat alırsan. Kursların həm ödənişli, həm də ödənişsiz formaları var. İnsanlar düşünürlər ki, kitab oxumağa vaxtları yoxdur. Onun əvəzinə müəyyən kurslara gedirlər və bununla da vaxta qənaət etmiş hesab edirlər. Lakin istənilən informasiya platforması kitabı əvəz edə bilməz. Hər bir kitab oxuyan şəxsin təfəkkürünün məhsuludur. Bunlara tərcümə olunmuş və redaktə edilmiş kitablar aid deyil. Bəzi dünya ədəbiyyatına aid kitablar var ki, bunu heç bir informasiya platforması əvəz edə bilməz. Kitab oxumağı vərdiş halına gətirən insanlar çox xoşbəxtdirlər, çünki onlar digər insanlardan bir addım öndədirlər. Kitab oxumağı sevən insanlar kitab oxumadıqları zamanı mənasız hesab edirlər. Təfəkkür səviyyəsi yüksək insanlar oxuduqlarını mənimsəyirlər və həmin informasiyaları digərləri ilə bölüşürlər. Ən pis kitab bizə nəsə öyrədir — yaxşı kitabla pis kitabın fərqini öyrədir. Ona görə də düşünürəm ki, lazımsız kitab yoxdur. Qeyd edək ki, hər kəs kitabı öz intellektual səviyyəsinə uyğun qavrayır. İnformasiya əldə etmək insan təbiətinə zidd deyil, amma oxumaq vərdişi qazanmaq üçün bizə iradə lazımdır. Kitab oxuduqca sevilir və vərdiş halını alır. İlk zamanlar müəyyən səy tələb edir.".
Psixoloq nitqində kitab oxuma vərdişinin uşaqlıqdan yaradılmasının önəmini də vurğulayıb:
"Uşaq olarkən ya təqlid üsulu ilə, ya da məcburi şəkildə kitab oxuma vərdişi yaradılmalıdır. Amma bunların heç biri olmayıbsa, sonradan kitab oxuma vərdişi qazanmaq istəyən şəxs evin bir küncünü kitab oxumaq üçün ayırmalıdır. Digər bir üsul da hər gün eyni saatda kitab oxumaqdır. İlk vaxtlar kiçik hədəflər seçilməlidir. İnsan vərdişə gec əl çəkir. Ən önəmlisi isə bu vərdişi yaratmaqdır".
Ayisə Şərifova
