KİTAB SEKTORUNA ABİTURİYENT VƏSAİTLƏRİNİ SATARAQ BAŞLADI
Görəsən, həyatımızda kitabları əvəz edəcək nə var? Ümumiyyətlə, biz onları əvəz edə bilərikmi? Bu gün internet dünyasında yaşamağımıza baxmayaraq kitabların nəfəsi hələ də özünəməxsusdur. Nə xoş ki, müəyyən qism gənclər hələ də bu nəfəsi içinə çəkir və onunla həyatda qalmağı bacarır.
Etiraf edək ki, biz yol kənarında ərzaq satılan köşkləri çox görürük, lakin kitabların sərgilənməsini bir qədər çətin. Halbuki kitablara da bir o qədər ehtiyacımız var və bu sərgidəki kitablar bu ehtiyacı az da olsa, ödəyir, ruhumuzu sakitləşdirir.
Bu addımın təşəbbüskarı olan üçbucaq kitab evi və nəşriyyatının təsisçisi Tural İlyas 2015-2019 illərdə Kooperasiya Universitetinin riyaziyyat ixtisasında təhsil alıb. Onun dediyinə görə, kitablara marağı tələbəlik dövrünün ilk ilində yaranıb. "Əvvəlcə I kursa daxil olanda abituriyent dövrümün dərsliklərini satıb 1-2 bədii kitab almışdım, daha sonra isə o bədii kitabları da sataraq yeniləri ilə əvəzlədim. Beləliklə, gördüm ki, mən artıq kitab sektorunun bir parçasıyam".
Kitablarla gəldiyi yolda bu gün sərgiylə qarşımıza çıxan Tural İlyas sərginin uzunmüddətli olacağını bildirir. "Adətən kitab sərgiləri ildə 4-5 dəfə müəyyən vaxtlarda keçirilir, bu da qısamüddətli, maksimum isə 4-5 günlük olur ki, artıq 5 gündən sonra insanlar yenə də mağazalardakı kitabları etiket qiymətinə, endirimsiz alır. Bizsə, hər kəsin yararlana bilməsi üçün insanlara daim əlçatan - ilin 365 günü olan bir sərgi keçirmək istədik".
Sərgi gün ərzində 10 saata yaxın kitabsevərlərin xidmətində olduğundan insanlar iş çıxışı da buradan yararlana bilirlər. "İnsanların bu sərgiyə marağı iyun-iyul aylarında daha yaxşı idi. Artıq orta tempə düşüb. Avqustun əvvələrindən monoton və aşağı tempdə olmağına baxmayaraq, son günlərdə satış heç də pis deyil, artıq hiss olunur ki, tələbələr Bakıya qayıdır və bu da öz növbəsində kitab sektorunun canlanmasına səbəb olur. Şəxsən bunlar mənim gözləntilərimi qarşılayır, lakin niyə də daha yaxşı olmasın? Əlbəttə ki, bu, hər birimizin əlindədir. Təbliğatlar, endirimlər və daha yaxşı kitabların nəşri ilə bunu əldə etmək mümkündür".
Zibeydə Əlizadə
