KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatdırmaq üçün danışıqlar aparır
ABŞ və İran nümayəndələri Nyu-Yorkda müharibənin mərhələli şəkildə başa çatdırılması üçün mümkün razılaşmanı müzakirə edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran arasında müharibənin mərhələli şəkildə başa çatdırılması ilə bağlı müzakirələrin aparılması olduqca maraqlı prosesdir:
“Bu, qarşı duran tərəflər arasında ziddiyyətlərin və maraq toqquşmalarının genişmiqyaslı xarakter daşıdığını, onların qısa müddətdə həllinin mümkün olmadığını göstərir”.
Əlavə olaraq politoloq bildirib ki, tərəflər müxtəlif məsələləri ayrı-ayrılıqda və mərhələli şəkildə müzakirə edərək razılaşdırmaq modelinə üstünlük verirlər:
“Mövcud vəziyyət ABŞ və İran arasında sülh prosesinin uğur qazanacağı ilə bağlı yüksək gözləntilər formalaşdırmağa imkan vermir. Bunun əsas səbəblərindən biri hər iki tərəfin konkret və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən hədəflərinin olmasıdır”.
Elçin Xalidbəyli bildirib ki, hazırkı situasiyada həm ABŞ, həm də İran qarşıya qoyduqları məqsədlərdən kifayət qədər uzaqdır:
“İndiyədək tərəflər həmin hədəflərin əsas hissəsinə nail ola bilməyiblər.
Xüsusilə ABŞ-nin qarşıya qoyduğu məqsədlərin reallaşmadığı görünür. Vaşinqtonun əsas hədəflərindən biri olan İranın nüvə proqramı ilə bağlı məsələ isə hələ də açıq olaraq qalır.
Yaxın Şərqdəki müharibə ABŞ, İran, Körfəz dövlətləri və bütövlükdə dünya üçün yeni bir problem də yaradıb. Bu, Hörmüz boğazı ətrafında yaranan böhrandır.
Hörmüz boğazının gələcək taleyi hazırda qeyri-müəyyəndir və burada yaranan vəziyyət hər ötən gün daha da mürəkkəbləşir. Bu məsələlərin qısa müddətdə həll olunması isə real görünmür".
Səadət Əlizadə