Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Təlim Platforması” hazırlayır
Kənd Təsərrüfatı Nazirliyi fermerlər, tələbələr və aqrar sahə mütəxəssisləri üçün “Aqrar Təlim Platforması” hazırlayır. Platforma onlayn dərslər, interaktiv testlər, məsləhət xidməti və rəqəmsal sertifikat imkanı ilə bilik və bacarıqların artırılmasına xidmət edəcək.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, “Aqrar Təlim Platformasının yaradılması ideyası yaxşı haldır:
“Müasir aqrotexniki biliklərə çıxış olacaq. Amma belə yaxşı layihənin arxasında səmərəsizliklər durur. Xüsusən də Kənd Təsərrüfatı Nazirliyində bu belədir. Bu baxımdan son bir neçə il ərzində Kənd Təsərrüfatı Nazirliyi çox bərbad idarə olunur. Nümunə üçün Gəncədə yerləşən, Kənd Təsərrüfatının idarə etdiyi Azərbaycan Dövlət Aqrar Universitetinə çox böyük xərclər qoyulur, çox gözəl laboratoriyalar, şəraitlər yaradılır. Amma sonda nəticə olaraq, universitetin “məhsulu” – məzunlardır. Bu məzunların iş keyfiyyəti çox aşağıdır, əmək bazarı onları qəbul etmir. Əvəzinə əmək bazarı xarici mütəxəssisləri dəvət edir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin yaxşı təhsil təcrübəsi yoxdur. Bu universiteti oxumayan yaxşı mütəxəssislər də var. Kənd Təsərrüfatı təhsil sahəsindəki idarəetməni özünü tam düzəltmədiyi halda, ona əlavə belə bir səlahiyyət verilməli deyil. Bu büdcə vəsaitlərinin səmərəsiz havaya sovrulmasıdır. “Aqrar Təlim Platforması” iqtisadiyyat üçün nəticələr qoymalıdır. Nəticə odur ki, bu, kənd təsərrüfatında nə qədər yeni texnologiyaların tətbiqinə səbəb olacaq, kənd təsərrüfatında adambaşına, hektarbaşına, resursbaşına məhsuldarlığı nə qədər artıracaq. Kənd Təsərrüfatı Nazirliyi bu cür məsuliyyətlərdən yayınır. Daha çox xərcləməyə fokuslanır, nəinki nəticəyə”.
İqtisadçı həmçinin qeyd edib ki, hesab edirəm ki, təlimdə təqdim olunan modullar mümkün sahələr bütün dünyada eynidir:
“Bu – bitkiçilik, taxılçılıq, tərəvəzçilik, üzümçülük, çayçılıqda istər suvarmada, istər əkinin təşkilində, istər də gübrələrin və mikroelementlərin, dərmanların verilməsində yeni texnologiyaların tətbiq edilməsi və s.-dir. Fermerlər bunları bir-birlərindən öyrənirlər və biliyin yayılmasında belə platformalar iştirak edə bilərlər.
Burada müzakirələr bitkiçiliyin və heyvandarlığın spesifik sahələrindən başqa ümumi idarəetmə ola bilər. Aqrar texnologiyaların tətbiqi, istixanaların idarəsi, müxtəlif dronların, kameraların, sensorların, smart suvarma sistemlərinin və s. tətbiqi buraya daxil ola bilər. Torpağın analizi, ona uyğun düzgün gübrənin seçilməsi, ağacın iqlimə uyğun seçilməsi, suyun analizi və s. bu kimi məsələlər ola bilər. Beynəlxalq təcrübə adətən bunu deyir ki, dövlət bu məsələlərə nəzarət etməlidir, çünki fermerlər öz təsərrüfatlarında “yaşıl” məsələləri unuda bilərlər, ətraf mühitə zərər vura bilərlər. Bundan başqa, yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi satış kanallarının yaradılması və fermerlərin satış üçün hazırlanması, məhsulların sertifikatlaşdırılması, özlərinin lisenziyalaşdırılması və s. proseslərə nəzarət etsin. Təəssüf ki, platformada bu kimi məsələlər öyrədilməyəcək”.
Billurə Quliyeva
