Kobaxidze İrəvandakı çıxışında Gürcüstanın tranzit rolunu vurğulayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı ilə bağlı açıqlama verib. O, Gürcüstanın Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynadığını bildirib. Kobaxidze çıxışında iqtisadi təhlükəsizlik, regional bağlantılar və uzunmüddətli sabitliyin vacibliyini önə çəkib. O qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi etibarlı tranzit və əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Siyasi Birliyinin növbəti sammitinin İrəvanda keçirilməsi əslində Cənubi Qafqazda sülhə və inteqrasiyaya dəstək kimi qiymətləndirilə bilər:
“Lakin bu, həm də üzv ölkələrin öz maraqları üçün atılan bir addımdır. Çünki hazırda Avropa Siyasi Birliyi kommunikasiya baxımından məhdudlaşmış bir coğrafiyaya çevrilib və enerji təchizatında problemlərlə üzləşir. Bu səbəbdən Avropa ölkələrinə Asiya ilə əlaqələrin təhlükəsiz inkişafı üçün Zəngəzur dəhlizi və Çindən gələn İpək yolunun ortaq xətti kimi etibarlı kommunikasiya xətləri və yeni enerji mənbələri lazımdır. Azərbaycanın etibarlı enerji mənbəyi kimi çıxış etməsi və yaşıl enerji dəhlizi formalaşdırmaq potensialı regional əməkdaşlığın dərinləşməsinə və iqtisadi rifahın təmin olunmasına xidmət edəcək. Gürcüstanın bu prosesdəki mövqeyi daim müsbət olub, çünki Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması Gürcüstanın təhlükəsizlik maraqlarına birbaşa uyğundur”.
Müsahibin sözlərinə görə, Gürcüstan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və Azərbaycanın Avropaya çıxışı məhz bu ölkə üzərindən həyata keçirilir:
“Gürcüstan öz ərazisini heç vaxt siyasi alətə çevirməyib və Azərbaycanla layihələrin həyata keçirilməsində etibarlı tərəfdaşlıq qurmağı bacarıb. Hazırda bu körpü funksiyasının genişlənməsi və yükötürmə qabiliyyətinin artması üçün Azərbaycan vasitəsilə yeni imkanlar yaradılıb. Azərbaycan Türk Dövlətləri Təşkilatından, Orta Asiyadan və Çindən gələn yüklərin ölkəyə çatdırılması üçün ciddi sərmayələr qoyub və diplomatik səylər göstərib. Bütün bu resursların Gürcüstan üzərindən dünyaya çıxarılması üçün real təhlükəsizlik imkanları yaradılıb ki, bu da regionda yeni geosiyasi balansın formalaşmasına səbəb olacaq. Bu prosesdə əsas üstünlük, bu balansı yaradan tərəf kimi məhz Azərbaycanın tərəfindədir. Yekun olaraq, bölgədəki mühüm kommunikasiya və iqtisadi əməkdaşlıq layihələrinin əsas təşəbbüskarı Azərbaycandır. 2020-ci ildən sonra yaranmış yeni reallıqlar bu şərtlərin və layihələrin formalaşmasını təmin edib”.
Mələk Hüseynova