00:00:00
Yazar
Admin User
02.02.2026 16:18 44 2 dəq oxuma
Siyasət

Koçaryanın qorxusu, regionun isə qazancı var

Koçaryanın qorxusu, regionun isə qazancı var

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yanvarın 29-da bildirib ki, Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək və ABŞ-nin idarə edəcəyi iddia edilən tranzit dəhlizi ölkəsi üçün ciddi təhlükəsizlik təhdidi yaradır. Koçaryanın sözlərinə görə, bu layihə Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir.

 

Mövzu ilə bağlı siyasi ekspert Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur Dəhlizi - TRIPP layihəsi Cənubi Qafqazda sabitliyi gücləndirə və yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına töhfə verə bilər:

 

“Zəngəzur Dəhlizi 2020-ci il müharibəsindən sonra gündəmə gəlib. Vaşinqton anlaşmalarına qədər dəhliz məsələsi Cənubi Qafqazda geosiyasi toqquşma mövzusu idi, çünki bütün tərəflər bu dəhlizdə iştirak etmək üçün can atırdılar. Bu, təbii ki, dəhliz layihəsini regional müstəvidə geosiyasi qarşılaşdırma platformasına çevirib. Amerikanın dəhlizin təhlükəsini üzərinə götürməsindən sonra, artıq digər oyunçuların bu dəhliz məsələsinə müdaxiləsi ciddi şəkildə məhdudlaşır. Çünki belə bir müdaxilə Amerikanın maraqlarına qarşı çıxmaq demək olar. TRIPP layihəsi Cənubi Qafqazda sabitliyə və əməkdaşlığa töhfə verəcək. Layihənin gerçəkləşməsi regiondakı tərəflər arasında yeni münasibətlərin formalaşmasına şərait yaradacaq”.

 

Asif Nərimanlı layihənin region ölkələrinin maraqlarına xidmət etdiyini də vurğulayıb:

 

“TRIPP layihəsi Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan artıq Naxçıvana maneəsiz keçid əldə edir və Türkiyə ilə quru əlaqəsini təmin edir. Türkiyə isə bu marşrut vasitəsilə Mərkəzi Asiya ilə quru əlaqəsini genişləndirir. Bu isə Türkiyə və Azərbaycanın rəhbərlik etdiyi Türk dünyasının güclənməsi baxımından strateji əhəmiyyət daşıyır. Ermənistana gəldikdə isə, bu layihə ölkənin kommunikasiya imkanlarını açır, iqtisadi və siyasi faydalar təmin edir. ABŞ-nin iştirakı Qafqazda güc balansını Amerikanın xeyrinə dəyişir, amma bu həm də layihəyə birbaşa iştirak edən ölkələrin - Azərbaycan, Türkiyə və Ermənistanın maraqlarına xidmət edir. İranın bu dəhlizə münasibəti layihənin gedişatında vacib rol oynayır. Hazırda İranın müdaxilə imkanları məhduddur və bundan sonra da bu layihənin qarşısını ala biləcək gücdə deyil. Yeganə çıxış yolu əməkdaşlıq və razılaşmadır”.

 

Ekspert bildirib ki, Koçaryanın iddiaları yalnız Ermənistan müxalifətinin mövqeyi kimi qiymətləndirilmir, eyni zamanda, layihənin regiondakı bütün tərəflərə təsirləri, eləcə də geosiyasi və iqtisadi nəticələri geniş şəkildə şərh olunur.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər