00:00:00
Yazar
Admin User
06.02.2026 18:20 41 2 dəq oxuma
Sosial

Kolbasa istehsalında qanunsuz fəaliyyət aşkarlanıb

Kolbasa istehsalında qanunsuz fəaliyyət aşkarlanıb

Abşeron rayonu, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Uğurlu Dad” kolbasa istehsalı müəssisəsində qanunsuz fəaliyyət aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı müəssisənin texniki normativ-hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati qaydada cərimələnib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, kolbasa ət məhsulu olduğuna görə yüksək risk qrupuna aid zülal mənşəli qidalar sırasındadır. Məhsul doğru şəkildə emal olunmadıqda, keyfiyyətli xammaldan istifadə edilmədikdə və texnologiya prosesinə düzgün əməl edilmədikdə təhlükəli məhsula çevrilir:

 

“İnsan orqanizminə zərər verməklə yanaşı, bu məhsulların davamlı istifadəsi immun sisteminin zəifləməsinə, ciddi zəhərlənmələrə, qaraciyər və böyrək zədələnmələrinə, hətta xərçəng riskinin artmasına səbəb ola bilər. Kolbasanın istehsalı zamanı mikrobioloji çirklənmənin qarşısını almaq üçün istifadə olunan kimyəvi qatqılar, xüsusilə nitratlar, orqanizmdə davamlı qəbul edildikdə faydalı bakteriyaların məhvinə gətirib çıxarır, bu da bağırsaq mikroflorasının pozulmasına və immunitetin zəifləməsinə səbəb olur.

Son günlər aşkar olunan qanunsuz fəaliyyət göstərən müəssisələrdə isə keyfiyyətsiz xammaldan istifadə, məhsulların mikrobioloji çirklənməsi, sanitar-gigiyena qaydalarına əməl olunmaması müşahidə olunur. Xəstə və ya keyfiyyətsiz ətlər, normadan artıq kimyəvi qatqılar, duz və ədviyyat istifadəsi məhsulların keyfiyyətini maskalamaq üçün tətbiq edilir. Dövlət nəzarətinin olmaması və rəsmi qeydiyyatın olmaması bu məhsulların satışa çıxmasına səbəb olur. Belə məhsullar bəzən gözdən iraq yerlərdə, kiçik marketlərdə və bazarlarda satılır".

 

Məhsəti Hüseynova tövsiyə edir ki, belə məhsulları alarkən dövlət nəzarətindən keçmiş yerlərdən almaq, istehsalçı haqqında ətraflı məlumat, etibarlı marka, tərkib, saxlanma şəraiti, istehsal və son istifadə tarixinə diqqət yetirmək lazımdır. Həmçinin, məhsulun soyuq temperaturda və tam bağlı saxlanmasına, yapışqanlıq, kənar qoxu və görünüş problemlərinə diqqət edilməlidir. Keyfiyyətli məhsul belə düzgün saxlanmadıqda xarab ola bilər və insan orqanizminə zərər verə bilər.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər