Komanda işinə uyğunlaşma və sosial adaptasiya
Müasir iş və təhsil mühitində yalnız fərdi bacarıqlar deyil, həm də komanda işinə uyğunlaşmaq qabiliyyəti uğurun açarlarından biridir. Komanda daxilində effektiv işləmək üçün həm şəxsi məsuliyyət, həm ünsiyyət bacarıqları, həm də sosial adaptasiya vacibdir. Sosial adaptasiya isə fərdin müxtəlif şəraitlərə, insanlar və qaydalara uyğunlaşma qabiliyyətini göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, sosial adaptasiya insanın daxil olduğu mühitə-istər iş yeri olsun, istərsə də təhsil mühiti emosional və davranış baxımından uyğunlaşa bilməsidir:
Bu, təkcə qaydalara əməl etmək deyil, eyni zamanda insanlarla sağlam münasibət qurmaq, fərqli fikirlərə açıq olmaq və dəyişən şərtlərə çevik reaksiya vermək deməkdir. Sosial adaptasiya güclü olduqda insan özünü daha rahat hiss edir, stressi daha yaxşı idarə edir və potensialını daha rahat ortaya qoya bilir. Uğurlu komanda işinin əsas göstəricilərindən biri açıq və hörmətli ünsiyyətdir. İnsanlar bir-birini dinlədikdə və fikirlərini rahat ifadə etdikdə əməkdaşlıq daha sağlam olur. Digər vacib məqam məsuliyyət hissidir hər kəs üzərinə düşən rolu dərk edib yerinə yetirdikdə komanda bütöv şəkildə irəliləyir. Bundan əlavə, qarşılıqlı dəstək və empatiya komanda daxilində etibarın formalaşmasına və uzunmüddətli uğura zəmin yaradır. İlk növbədə insan öz güclü və zəif tərəflərini tanımalı və komanda daxilində hansı rolu daha yaxşı icra edə biləcəyini anlamalıdır. Ünsiyyət bacarıqlarını inkişaf etdirmək, rəy verməyi və rəy qəbul etməyi öyrənmək də çox önəmlidir. Eyni zamanda, tənqidə müdafiə ilə deyil, öyrənmə fürsəti kimi yanaşmaq komanda işinə uyğunlaşmanı asanlaşdırır. Vaxtla və təcrübə ilə bu bacarıqlar möhkəmlənir və fərd komanda daxilində öz yerini daha rahat tapır".
Gövhər Mehyəddinova
