Körfəz oyununda kim “mat” olacaq? - Geosiyasi gərginlik artır
Yaxın Şərqdə, xüsusilə Fars körfəzi ətrafında artan gərginlik regionda təhlükəsizlik mühitini daha da həssas vəziyyətə gətirib. Bölgədə baş verən siyasi və hərbi proseslər, eləcə də böyük güclərin maraqlarının toqquşması vəziyyəti mürəkkəbləşdirir. Eyni zamanda enerji marşrutları və strateji keçidlər üzərində nəzarət uğrunda mübarizə bu gərginliyi daha da dərinləşdirir və qlobal təsirləri artırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, körfəzdə gərginliyin gələcəyi atəşkəsin uzadılıb-uzadılmamasından və ABŞ-İran münasibətlərindən asılıdır:
“Körfəz regionunda gərginliyin artmasının əsas səbəbi fevralın 28-dən etibarən İran ətrafında baş verən hadisələr və hərbi qarşıdurmadır. Hazırda atəşkəs əldə olunub, lakin onun bitməsindən sonra vəziyyətin necə inkişaf edəcəyini yaxın günlər göstərəcək. Əgər müharibə dayanarsa və gərginlik azalarsa, bu, Fars körfəzində də sabitliyə gətirib çıxara bilər. Əks halda ABŞ ilə İran arasında qarşıdurma yenidən kəskinləşərsə, regionda gərginlik davam edəcək. Blokada ehtimalı qaldıqca hərbi toqquşma riski də yüksək olaraq qalır. Bu, təbiidir, çünki blokada şəraitində hərbi əməliyyatların baş verməsi ehtimalı artır. Mövcud durumda diplomatik həll yolları isə real görünmür. Çünki tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. ABŞ öz şərtlərini irəli sürür, İran isə buna müqavimət göstərir”.
Həmçinin şərhçi qeyd edib ki, hər iki tərəf məğlub kimi görünmək istəmir:
“ABŞ üçün bu, qlobal “supergüc” imicinə zərbə deməkdir. İran üçün isə məğlubiyyət regiondakı nüfuzunun zəifləməsi və təzyiqlərin artması ilə nəticələnə bilər. Xüsusilə, Hörmüz boğazı məsələsində mövqeləri sarsıla bilər. Bu səbəbdən İran müqavimətini davam etdirir və müəyyən mənada özünü üstün mövqedə görür. Lakin Donald Trump administrasiyasının buna nə dərəcədə imkan verəcəyi sual altındadır. Ümumilikdə, aprelin 22-si – atəşkəsin son günü vəziyyətin gələcək istiqamətini müəyyən edəcək. Gərginliyin artıb-artmayacağı məhz həmin tarixdə bəlli olacaq. Hazırkı danışıqlar fonunda isə tərəflərin atəşkəs müddətini uzatmaq barədə razılığa gəlməsi ehtimalı yüksəkdir. Bu müddətin nə qədər olacağını zaman göstərəcək, lakin ehtimallara görə, atəşkəs daha bir ay uzadıla bilər”.

Arzu Poladova