00:00:00
Yazar
Aysel Mirzəyeva
13.03.2026 20:17 35 3 dəq oxuma
Sosial

“Korrupsiya niyə bitmir?" - Ekspert səbəbləri açıqlayıb

“Korrupsiya niyə bitmir?" - Ekspert səbəbləri açıqlayıb

Korrupsiya cəmiyyətin inkişafına mane olan ciddi sosial problemlərdən biridir. Bu problem rüşvət, vəzifədən sui-istifadə və şəxsi maraqların dövlət maraqlarından üstün tutulması kimi hallarla özünü göstərir. Korrupsiya iqtisadiyyata zərər vurur, insanların ədalətə və dövlət qurumlarına olan etimadını azaldır. Buna görə də bir çox ölkələr korrupsiyaya qarşı mübarizə aparmaq üçün qanunlar qəbul edir və müxtəlif tədbirlər həyata keçirir.

 

Mövzu ilə bağlı vəkil və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri Fuad Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, korrupsiya problemi Azərbaycan cəmiyyətinin ən aktual problemlərindən biridir və cəmiyyətin inkişafına birbaşa təsir göstərən, inkişafına mane olan əsas faktorlardan biridir:

 

“Ümumiyyətlə bizdə korrupsiyanın çərçivəsi, konkret sahəsi yoxdur. Yəni korrupsiya hallarına bir çox sahələrdə, bir çox qurumlarda rast gəlmək olur. Yəni ən xırda qurumdan tutmuş ən iri qurumlara, nazirliklərə, mərkəzi icra hakimiyyətlərinə kimi bu hallara rast gəlmək olur. Təbii ki, Azərbaycan Respublikasında da korrupsiyaya qarşı bu günə  qədər tədbirlər görülüb və  bundan sonra da görüləcək. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu var. Ümumiyyətlə, korrupsiya ilə bağlı mütəmadi olaraq tədbirlər hazırlanır və korrupsiyaya qarşı mübarizə üzrə komissiya cənab prezident vasitəsilə yaradılıb. Mütəmadi olaraq korrupsiya nəzarət altındadır. Bununla bağlı işlər görülür. Amma çox təəssüf olsun ki, nə qədər mübarizə aparsaq da, nə qədər çalışsaq da, yenə də korrupsiya hallarına rast gəlinir və bu korrupsiya halları davam edir. Korrupsiyaya bir çox faktorlar təsir eləyir. Məsələm burada təsir edən faktorlara misal göstərmək olar: qanunvericilikdəki boşluqlar və yaxud da müəyyən qurumların diskresion səlahiyyətləri. Yəni diskresion səlahiyyət o deməkdir ki, burada qurumlara müəyyən səlahiyyət verilir. Qurum həmin məsələ ilə bağlı müraciətlərə hə cavabı da verə bilər, yox cavabı da verə bilər. Və yaxud da qanunvericilikdə həmin məsələ tam şəkildə tənzimlənmədiyindən müəyyən qədər boşluq qaldığından, korrupsiya meyilli məmurlar, ümumiyyətlə korrupsiya meyilli şəxslər bu məqamlardan, nüanslardan istifadə edib korrupsiya hallarına yol verirlər. Necə buna qarşı mübarizə aparmaq olar? Korrupsiyaya qarşı mübarizə aparmaq üçün ilk növbədə qanunvericilik daha konkret olmalıdır. Daha detallı şəkildə müəyyən məsələlər qanunvericilikdə tənzimlənməlidir. Eyni zamanda bilirsiniz ki, korrupsiyaya qarşı mübarizə haqqında qanunda korrupsiyaya şərait yaradan amillər var. Bizim cəmiyyətdə həmin amillərdən biri də əmək haqlarının aşağı olmasıdır. Yəni insanların az əmək haqqı alması müəyyən məqamlarda, müəyyən məsələlərdə onları korrupsiyaya vadar eləyir. Əmək haqqının aşağı olması təbii ki, insanı başqa gəlir mənbəyi axtarmağa və yaxud da qazancı başqa hansı yolla əldə edə bilərəm, hansı yolla qazanc əldə edə bilərəm fikirlərinə gətirib çıxarır və bu da korrupsiyaya şərait yaradır. “Niyə davam eləyir?” sualına gəldikdə sə, nə qədər ki korrupsiya ilə bağlı bu korrupsiyaya şərait yaradan hallar var, təbii ki, bu proseslər davam eləyəcək, problem də qalacaq. Yəni bu halları, bu şərtləri və şəraiti aradan qaldırmaq lazımdır. Misal üçün, qanunvericilikdəki boşluqları doldurmaq. Yəni bu məsələlərdə nə qədər ki qanunvericilikdə boşluqlar olacaq,  qanunvericilikdə müəyyən məsələlər konkret tənzimlənməyəcək, nəzarət tədbirləri müəyyən qədər yumşaq olacaq, müəyyən qurumların diskresion səlahiyyətləri olacaq,  insanların əmək haqqısı çox aşağı səviyyədə olacaq, bu problem yenə də qalmaqda davam eləyəcək”.


Cavahir Əsgərbəyli

#xəbər #gündəm #açıqlayıb #səbəbləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər