Kərə yağı Azərbaycanda rekord səviyyədə bahalaşıb
2025-ci ilin ilk üç rübündə Azərbaycana kərə yağı idxalının dəyəri artıb, yerli istehsal isə azalıb. Bir ton kərə yağının orta idxal qiyməti keçən ilin 5 474 dollarından bu il 7 267 dollara yüksələrək 32,8% bahalaşma göstərib. Daxili bazarda bir kiloqram daxili istehsal kərə yağı 21,3 manat, idxal olunan isə 24,48 manat təşkil edib. Yeni Zelandiyadan idxal edilən məhsullar artıq 26 manat civarındadır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov bildirib ki, bildiyiniz kimi, gündəlik həyatımızda ən çox istifadə olunan məhsullardan biri də heyvan mənşəli yağlar, xüsusilə də kərə yağıdır:
"Son dövrlərdə ölkəmizdə yerli istehsalın azalması və əvəzində idxal olunan kərə yağlarının artması müşahidə olunur. Bunun əsas səbəblərindən biri, heyvan yemi ilə bağlı problemlər və eyni zamanda, yerli istehsalın müasir qida təhlükəsizliyi tələblərinə cavab verməməsidir.
Digər səbəblər isə sahibkarların qida təhlükəsizliyi sistemləri, laborator analizlər və idarəetmə standartlarına tam şəkildə əməl etməməsidir. Həmçinin, kərə yağının əsas xammalı olan südün hər zaman sabit və davamlı şəkildə əldə olunmaması da idxala tələbatı artıran əsas amillərdəndir.
Hazırda kərə yağı əsasən İran, Rusiya və Yeni Zelandiya kimi ölkələrdən idxal olunur. Uzaq məsafədən idxal edilən məhsulların daşınması zamanı soyuducu və dondurucu avadanlıqlardan istifadə edilməli olur ki, bu da nəqliyyat və logistika xərclərini artırır və nəticə olaraq məhsulun qiymətinə təsir edir. Əgər bu yağlar yerli istehsal zamanı sanitar-gigiyenik və texniki normativlərə uyğun şəkildə istehsal olunmursa, bu zaman insanlar üçün qida təhlükəsi riski yaranmış olur.
Bir mütəxəssis kimi tövsiyəm odur ki, yerli kənd təsərrüfatının inkişafına daha çox diqqət yetirilsin. Xammal olan südün əldə olunması əhali tələbatına uyğun artırılsa, südün qiyməti aşağı düşəcək və bu da kərə yağı istehsalını ucuzlaşdıracaq. Belə olan halda, yerli istehsal edilən məhsullar daha sərfəli qiymətə satıla biləcək, bazarda sabitlik yaranacaq və əhali də daha çox yerli məhsullara üstünlük verəcəkdir".

Aişə Mustafayeva
