Kreml Yaxın Şərq böhranından istifadə edir?
“Rusiyanın bu gecə Ukraynaya qarşı kütləvi hücumu Kremlin qəddarlığını və həm insan həyatına, həm də sülh danışıqlarına etinasızlığını nümayiş etdirir”.
Bunu Avropa komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Kiyevə qarşı son kütləvi raket və PUA hücumu göstərir ki, Moskva hazırda həm hərbi, həm də psixoloji təzyiq strategiyasını paralel şəkildə gücləndirməyə çalışır:
“Xüsusilə son dövrlər Yaxın Şərq böhranının dünya gündəmini zəbt etməsi fonunda Kreml Ukrayna müharibəsinin arxa plana keçməsindən istifadə etməyə çalışır. Kiyev kimi böyük şəhərlərə intensiv zərbələr endirilməsi bir tərəfdən Ukrayna cəmiyyətində yorğunluğu artırmağa, digər tərəfdən isə Qərbə “müharibə hələ bitməyib” mesajı verməyə hesablanıb. Bu hücumlar, həm də göstərir ki, Rusiya yaxın perspektivdə genişmiqyaslı diplomatik geri çəkilməyə hazır görünmür. Avropa Birliyinin hava hücumundan müdafiə sistemlərini gücləndirməsi isə Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə Patriot, IRIS-T və digər müdafiə sistemləri mülki infrastrukturun və enerji obyektlərinin qorunmasında ciddi rol oynayır. Amma burada əsas məsələ təkcə texnika göndərilməsi deyil, davamlı sursat təminatı və istehsal gücüdür. Çünki Rusiya uzunmüddətli müharibə modelinə keçib və Ukraynanın hava müdafiəsini yormaq strategiyası tətbiq edir. Bu səbəbdən AB-nin dəstəyi vacib olsa da, təkcə müdafiə sistemləri ilə müharibənin ümumi gedişatını qısa müddətdə dəyişmək çətin görünür”.
Nuray Əliyeva