KTMT-dən Ermənistana qərar: Ermənistanın KTMT-də hüquqları məhdudlaşdırılır
Ermənistanın KTMT ilə münasibətlərində yaranmış gərginlik yeni mərhələyə qədəm qoyur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın təşkilatdakı səsvermə hüququnun məhdudlaşdırılması məsələsinin gündəmə gətiriləcəyini bildirib. Bu qərarın Moskva-İrəvan münasibətlərinə və Cənubi Qafqazdakı geosiyasi proseslərə mümkün təsirləri diqqət çəkir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistanın KTMT-də səsvermə hüququ bu gün Moskvada keçirilən KTMT Şurasının iclasında məhdudlaşdırıldı:
“Bu, çoxdan gözlənilən qərar idi. Çünki 2020-ci ildə Vətən müharibəsindən dərhal sonra keçirilən KTMT iclasında Paşinyan ölkəsinin KTMT-yə münasibətini konkret şəkildə ortaya qoydu. O bildirdi ki, Azərbaycanla aparılan müharibədə KTMT Ermənistanın təhlükəsizliyini təmin etməyib və Ermənistan KTMT-dən kənarda özü üçün yeni təhlükəsizlik çətirləri axtaracaq”.
Aydın Quliyev qeyd edib ki, Ermənistan KTMT-nin liderlər zirvələrində ümumiyyətlə iştirak etmədi, təşkilatın digər tədbirlərinə də qatılmadı:
“Eyni zamanda, rotasiya qaydasında Ermənistana KTMT daxilində vəzifələrə kadr təyin etmək hüququ verilsə də, Ermənistan bu hüquqdan imtina etdi. Aydın məsələdir ki, Rusiya belə bir qərarın qəbul olunmasına hazırlaşırdı. Ermənistan da bu qərardan narahat deyil, çünki məsələnin bu həddə çatacağını gözləyirdi. Belə bir qərarın verilməsi, yəni Ermənistanın KTMT-də səsvermə hüququnun və təşkilat daxilində rotasiya qaydasında vəzifələrə Ermənistan vətəndaşlarının irəli sürülməsi hüququnun dayandırılması Rusiya-Ermənistan münasibətlərinə bundan sonra daha da mənfi təsir göstərəcək”.
Aydın Quliyev müsahibəsində bildirib ki, Ermənistan öz mövqeyini artıq müəyyənləşdirib:
“Ölkənin, öz bəyanatlarına görə, yaxın azı beş il ərzində KTMT-yə yenidən qayıtmaq niyyəti yoxdur. Əksinə, paralel olaraq dünyanın digər təhlükəsizlik formatlarına yaxınlaşmaq üçün addımlar atır. O cümlədən NATO ilə əlaqələrini sıxlaşdırır, Avropa İttifaqı ilə münasibətlərini gücləndirir. Ona görə də Ermənistanın bundan sonra bu yoldan geri dönəcəyinə, ən azı Paşinyanın hakimiyyəti dövründə, inanmaq mümkün deyil”.
Siyasi şərhçi vurğulayıb ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra daha da pisləşən istiqamətdə inkişaf edəcək:
“Eyni zamanda, Ermənistanla bağlı verilən bu qərar Cənubi Qafqazdakı geosiyasi proseslərə də müəyyən təsirlər göstərəcək. Çünki Rusiyanın yalnız KTMT-nin nizamnaməsi çərçivəsində Ermənistana qarşı atdığı bu addımlar Ermənistanı o qədər də narahat etmir. Vəziyyəti diqqətlə müşahidə etdikdə Ermənistanın xaricdəki müttəfiqlərinin də bu qərardan ciddi narahatlıq keçirmədiyi görünür”.
Aydın Quliyevin sözlərinə görə,
Ermənistanın müttəfiqləri kənardan Rusiyanın Ermənistana qarşı siyasi və hərbi xarakterli müəyyən təzyiq addımları atacağını gözləyirdilər:
“Lakin görünən odur ki, Rusiya yalnız nizamnamə çərçivəsində hüququ çatan addımları atır. Buna görə də beynəlxalq miqyasda Ermənistanın müttəfiqləri bundan sonra da ölkəyə daha güclü dəstək verməkdə davam edəcəklər. Eyni zamanda, bu qərardan sonra Cənubi Qafqazda Rusiyanın mövqeləri güclənməyəcək, əksinə, zəifləməyə doğru gedəcək. Çünki bu qərardan sonra Ermənistanın, əslində, manevr imkanları bir qədər də genişlənəcək. Ermənistanın hərəkət imkanlarının genişlənməsi isə bölgədə Rusiyanın təsirlərinin zəifləməsi və regiona kənardan yeni oyunçuların daxil olması imkanlarının artması deməkdir”,- deyə siyasi şərhçi əlavə edib.
Nuray Dadaşzadə