Kumirlərimiz həyatımıza necə təsir edir?
Hələ uşaq vaxtımızdan özümüzə kumir seçir, onun həyat və fəaliyyətinə pərəstişkarlıq edirik. Bəzən bu heyranlıq o səviyyəyə çatır ki, otağımızın bütün divarlarını onun fotoları ilə bəzəyirik.
Elə müsahibimiz Xədicə Hümbətli kimi. O, 2019-cu ildən dünya üzrə məşhur müğənni Lana Del Rey-in pərəstişkarıdır. Hətta bu pərəstişkarlıq o qədər böyükdür ki, Xədicənin sözlərinə görə, müğənninin həyatında hər hansı bir çətinlik olduğu zaman bunu öz həyatındaymış kimi hiss edir. Onun bir çox fikirlərini, məsləhətlərini də həyatında tətbiq edir.
Xədicə kimi minlərlə insana kumirləri ilham verir, yaradıcılıqlarında böyük rol oynayırlar. Amma onlara həddindən artıq göstərilən heyranlıq xoşagəlməz hallara səbəb ola bilir. Psixoloq Tahibə Quliyeva deyir ki, biz bir insanı yamsılamağa çalışırıqsa, həyatımızı onun həyatına, davranışlarımızı onun davranışlarına uyğunlaşdırırıq. Bununla da özümüzdən uzaqlaşmış oluruq. Bəzən pərəstişkarlığın bu cürə normadan artıq olması intihara sürükləyəcək qədər təhlükəli olur.
Hər hansı bir şəxsin kumirinin olması sözsüz ki, yanlış bir şey deyil. Əksinə, həyatda uğur qazanmağın bir sirri də məhz budur- özünə bəhrələnə biləcəyin ideal seçmək. Əsas odur, kumirimizə yaxın olmaq istəyərkən özümüzdən uzaq düşməyək.
Nəzrin Malik
