"Küveytin İran gəmisinə hücumu Fars körfəzində təhlükəsizlik mühitini daha da gərginləşdirə bilər"- ŞƏRH
Küveytin Hərbi Dəniz Qüvvələri Fars körfəzində İrana aid gəmiyə hücum edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Küveyt nifaq salmaq üçün açıq-aşkar bir cəhdlə Fars körfəzində qanunsuz olaraq İran gəmisinə hücum edib, dörd vətəndaşımızı saxlayıb",-o bildirib və əlavə edib ki, bu, ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi adanın yaxınlığında baş verib:
"Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edir və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator. az”a açıqlamasında bildirib ki, Küveytin İran gəmisinə hücum etməsi və dörd İran vətəndaşını saxlaması barədə iddia Fars körfəzində onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirə bilər:
“Küveyt tərəfi həmin şəxslərin İran İnqilab Keşikçiləri ilə əlaqəli olduğunu və dəniz yolu ilə ölkə ərazisinə daxil olmağa çalışdıqlarını bildirir, İran isə bunu naviqasiya xətası və qanunsuz müdaxilə kimi təqdim edir. Bu fərqli izahlar məsələnin sadə sərhəd insidenti kimi qalmasına imkan vermir, çünki hadisə ABŞ və İran arasında gərginliyin yüksək olduğu, Körfəz ölkələrinin isə İranın regional təsirindən narahatlıq keçirdiyi bir vaxta təsadüf edir. Əraqçinin “cavab hüququnu saxlayırıq” mesajı da Tehranın bu hadisəni diplomatik etirazla məhdudlaşdırmaya biləcəyini göstərir. Yaxın Şərqdə yeni hərbi-siyasi gərginlik ehtimalı var, amma bu, hələ birbaşa müharibə ssenarisi kimi qiymətləndirilməməlidir. Daha real risk dəniz patrullarının artırılması, qarşılıqlı diplomatik notalar, İranın Küveytə və ya Körfəz ölkələrinə siyasi təzyiqi, həmçinin ABŞ-nin bölgədə təhlükəsizlik mövcudluğunu gücləndirməsidir. Körfəz ölkələri son vaxtlar İranla əlaqəli mümkün sabotaj şəbəkələrinə qarşı daha sərt təhlükəsizlik əməliyyatları aparırlar, bu da regionda etimadsızlığın dərinləşdiyini göstərir. Ona görə bu insident təkbaşına böyük müharibə yaratmaya bilər, lakin ABŞ, İran və Körfəz ölkələri arasında onsuz da yığılan gərginliyin üzərinə əlavə yanacaq tökür. Əgər tərəflər konsulluq, istintaq və diplomatik kanalları açıq saxlamasa, bu cür dəniz insidentləri daha böyük regional qarşıdurmanın bəhanəsinə çevrilə bilər”.
Nurgün Qənizadə